"Məişət Maye Qaz" QSC də bu çətinliyi aradan qaldırmaq və yanacaqdoldurma məntəqələrini maye qazla təmin etmək üçün tezliklə məsələni bu üsulla həll etməyə çalışır. Yəni, maye qaz xaricdən idxal olunacaq".
Bu sözləri Azərbaycanda maye qazın yanacaqdoldurma məntəqələrinə satışını həyata keçirən "Məişət Maye Qaz" QSC-nin mətbuat katibi Günel Hacıyeva Yeniavaz.com-a açıqlamasında deyib.
Xatırladaq ki, son günlərdə maye qazdan istifadə edən avtomobillərin sürücüləri bu yanacağın qıtlığından şikayətlənirdilər. Bu gün redaksiyamiza müraciət edən bəzi sürücülər isə ümumiyyətlə artıq maye qazın heç bir yanacaqdoldurma məntəqəsində qalmadığını bildiriblər.
G. Hacıyeva bildirdi ki, bunun səbəbi Heydər Əliyev adına Neft Emalı Zavodunda gedən təmir işləridir: "Bildiyiniz kimi, Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabr ayının 4-dən etibarən planlı təmirdədir. Bu təmir ildə bir dəfə planlı şəkildə həyata keçirilir. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində maye qazın verilməsində çətinlik yaranır. Buna baxmayaraq əhali və sənaye müəssisələri balon qazları ilə təmin olunurlar".
O dedi ki, QSC bu problemi birdəfəlik həll etmək üçün tezliklə maye qazı xaricdən idxal edəcək: "Bilirsiniz ki, bazar sərbəstdir. Kim istəsə maye qazı xaricdən ala bilər. "Məişət Maye Qaz" QSC də bu çətinliyi aradan qaldırmaq və yanacaqdoldurma məntəqələrini maye qazla təmin etmək üçün tezliklə məsələni bu üsulla həll etməyə çalışır. Yəni maye qaz xaricdən idxal olunacaq".
Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov mətbuata açıqlamasında bildirmişdi ki, sənayenin inkişafı nəticəsində LPG-yə artan tələbata görə qıtlıq yaranıb.
Növbəti gün isə "SOCAR Petrolium" şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirmişdi ki, bu qıtlığın səbəbi LPG qazın istehsal olunduğu zavodda yenidənqurma işlərinin getməsidir. O həmçinin, sürücülərə çıxış yolu kimi sıxılmış təbii qazdan istifadə etməyi məsləhət görmüşdü.
Ancaq sürücülər LPG-dən CNG-yə keçməkdə maraqlı deyillər. Onlar bunu həm qiymətlə, həm də sıxılmış qazın daha riskli olması ilə əlaqələndirirlər.