Konqo Demokratik Respublikasının (KDR) silahlı qüvvələri dövlət çevrilişinə cəhdin qarşısını alıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu KDR Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Silven Ekenqe deyib.

"Bazar günü dövlət çevrilişi cəhdi paytaxt Kinşasada müdafiə və təhlükəsizlik qüvvələri tərəfindən yatırıldı. Ordu əmin edir ki, vəziyyət nəzarət altındadır və Kinşasa xalqından sakitcə öz işlərini görməyə çağırır", - Ekenqe qeyd edib. 

O, əlavə edib ki, çevrilişə cəhd edənlər həbs olunub, lakin onların adlarını açıqlamayıb.

Ekenqe təfərrüatların tezliklə açıqlanacağını söyləyib: "Bu arada biz ölkə vətəndaşlarını və beynəlxalq ictimaiyyəti əmin etmək istərdik ki, KDR silahlı qüvvələri və təhlükəsizlik qüvvələri silahlı şəxslər tərəfindən pozulmuş ictimai asayişi tez bir zamanda bərpa edib".

Konqonun "L'actualité" portalı xəbər verir ki, səhər saatlarında KDR Parlamentinin Aşağı Palatasının spikeri vəzifəsinə namizəd, deputat Vital Kamerhenin iqamətgahı yaxınlığında atışma baş verib. İkisi polis olmaqla 3 nəfər həlak olub.

Eyni zamanda sosial şəbəkələrdə prezident sarayının binasında silahlı şəxslərin olması ilə bağlı videolar yayılıb. Onlar üsyançı qruplardan birinin uniformasını geyiniblər və ingilis və fransız dillərində danışıblar. 

Portal xəbər verir ki, videoda KDR prezidenti Feliks Tşisekedinin hakimiyyətdən uzaqlaşdırılması istənilib. Üsyançıların lideri kimi son illərdə ABŞ-də yaşayan Kristian Mahlanqanın adı çəkilib.