Planetdə isti dalğalar qlobal iqtisadiyyat üçün böyük itkilərə səbəb olur.

Bu barədə İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, "qlobal istiləşmə" erası başa çatıb, artıq "qlobal qaynama" erası başlayıb. Belə ki, bu ilin iyul ayında ən azı 100 min il ərzində qeydə alınan ən yüksək isti havalar müşahidə edilib. Bu da öz növbəsində iqtisadiyyat üçün əsl problemə çevrilib. Belə ki, xüsusilə aqrar sektor məhsul çatışmazlığı ilə üzləşir.

Son onilliklərdə isti havalar dünya iqtisadiyyatına trilyonlarla dollara başa gəlib və ekspertlər xəbərdarlıq edirlər ki, gələcəkdə vəziyyət daha da pisləşəcək. Belə ki, 1992-2013-cü illər arasında həddindən artıq istilər qlobal iqtisadiyyata təqribən 16 trilyon dollar ziyan vurub.

Mütəxəssislərin tədqiq etdiyi dövrdə yüksək temperatur tropik bölgələrə daha çox ziyan vurub. Məsələn, Braziliya, Venesuela və Mali üçün adambaşına düşən illik ÜDM normal vəziyyətdə olduğundan 5%, Kanada və Finlandiya üçün isə 1% azdır.

Avropada 2003, 2010, 2015 və 2018-ci illərdə müşahidə edilən isti dalğalar bütövlükdə region ÜDM-in 0,3-0,5%-nə, cənub hissələrində isə 2%-ə qədər baha başa gəlib.

Eyni zamanda, həddindən artıq isti hava işçilərin məhsuldarlığına da mənfi təsir göstərir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, işçilərin məhsuldarlığı artıq 26 dərəcədən aşağı düşməyə başlayıb. Qurum hesab edir ki, isti havalardan ən çox əziyyət çəkən sektor 1 milyard insanın işlədiyi kənd təsərrüfatı olacaq. Tədqiqatlara görə, quraqlıq nəticəsində məhsul itkisi 1964-1990-cı illərdəki 2,2 faizdən 1991-2015-ci illərdə 7,3 faizə yüksəlib.

 

Gözəl Həşimova