"Qarabağın işğalı dövründə narkotikin becərilməsi ilə bağlı cinayət işləri açılıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağın bütün ərazisində müvafiq yoxlama işləri həyata keçirilir: "Ümumilikdə 30 hektar sahədə narkotik plantasiyası aşkarlanıb: "Bir plantasiya Ağdamda, ikisi isə Xocalıda aşkarlanıb. İşlərimiz davam edir. Əsas məqsəd təhlükəsizliyi tam təmin etməkdir".

E.Hacıyev söyləyib ki, terrorçular Qarabağın işğalı dövründə narkotik vasitələrin əkin-biçini ilə fəal məşğul olublar: "Biz həmin dövrdə beynəlxalq ictimaiyyəti daim məlumatlandırırdıq. Ermənilər isə əməllərini danırdılar. Artıq onların bu əməlləri sübut olunub. Separatçılar narkotik maddələri daha çox yaşayış yerlərinə yaxın ərazilərdə əkib-becərirdilər. Çünki bu əməllərindən həm də gəlir mənbəyi kimi istifadə edirdilər. İstisna deyil ki, yerli əhali də bu işlərə cəlb olunub".

DİN rəsmisinin sözlərinə görə, sözügedən əməllərlə bağlı cinayət işləri açılıb: "Əraziyə mütəxəssislər cəlb olunub. İlkin hesablamalara görə, narkotik maddələrin istehsalına milyon dollarlar sərf olunub".

E.Hacıyevin sözlərinə görə, ərazi hələ də təhlükəlidir: "Ermənilər ərazini ciddi şəkildə minalayıblar. Xüsusi sürpriz minalara da rast gəlinir".//Report//