"Əgər atılan addımlar effektiv nəticə verməsə, Qarabağda lokal şəkildə anti-terror əməliyyatları başlaya bilər". 

Bu sözləri son zamanlar Ermənistanın atəşkəsi sıx şəkildə pozmasını şərh edən Silahlı Qüvvələrin istefada olan zabiti, hərbi ekspert Tərlan Eyvazov İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

1213150.jpg

 

O bildirib ki, erməni tərəfinin məlum təxribatları davam edərsə, Azərbaycan tərəfinin cavabı ağır ola bilər:

"Məlumdur ki, Azərbaycan tərəfinin bəlli tələbləri və öhdəlikləri var. Ermənistan bu öhdəlikləri yerinə yetirəcəyinə söz versə də, arxasında duran havadarların köməkliyi ilə verdiyi sözdən qaçmağa çalışır. Ona görə də Ermənistan xaricdən daha çox silah almağa və ordusunu genişləndirməyə başlayıb. Ötən illə bu il müqayisə etsək, Ermənistan hərbi büdcəsi 44 faiz artıb. Hətta müharibə edən ölkələrdə belə bu dərəcədə büdcə artımı yoxdur. Bu il Ermənistanın büdcəsi 1 milyard dolları keçib. İrəvan yenə də militar siyasət həyata keçirir. 44 günlük müharibədə zəif düşmüş erməni ordusu artıq müasir silahlar almağa davam edir. 

Digər tərəfdən, beynəlxalq erməni lobbisinin və Fransanın köməyi ilə Dağlıq Qarabağ iqtisadi zonasında yaşayan erməniəsilli insanların bir çoxu Azərbaycana tabe olmayacaqlarını bildirirlər. Baxmayaraq ki, artıq BMT-də də həmin ərazilərin Azərbaycana məxsus olduğu və hər bir işin rəsmi Bakı ilə danışıqlardan keçdiyi ermənilərə çatdırılıb. Ona görə də Ermənistan bilərəkdən humanitar oyun qurur. Guya ki, onlar Azərbaycan ərazisinə heç bir mane olmadan keçməlidirlər. Halbuki onların bu istəyi tamamilə qanunsuzdur. Bu baxımdan Azərbaycan öz ordusunu tam döyüş hazırlığı vəziyyətinə gətirib. Hazırda böyük güc sahiblərinin dəstəyi ilə yenə də sülhyönümlü addımlar atılır. Əgər bu addımlar effektiv nəticə verməsə, Qarabağda lokal şəkildə anti-terror əməliyyatları başlaya bilər. Sərhəddə vəziyyət gərgin olsa da, Ermənistan tərəfinin hücum edəcəyini düşünmürəm. Çünki bunun bədəli ağır olacaq". 

Gülşən Şərif