İran hakimiyyəti Şərqi Azərbaycan əyalətində qəzaya uğrayan respublika prezidenti İbrahim Rəisini daşıyan helikopterin axtarışında iştirak edən Türkiyəyə məxsus Akıncı pilotsuz uçuş aparatından real vaxt məlumatları alıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə PUA istehsal edən Türkiyənin Baykar şirkətinin rəhbəri Səlcuq Bayraktar məlumat verib.

"İranın tələbi ilə Türkiyə axtarış-xilasetmə əməliyyatı üçün Akıncı PUA və gecəgörmə avadanlığı ilə təchiz edilmiş" Cougar" helikopterini göndərib. Axtarış qrupları, axtarış bölgəsindəki pilotsuz uçuş aparatı Türksat peyki vasitəsilə idarə olunub, İran rəsmiləri ondan real vaxt rejimində məlumat alıblar", - deyə Bayraktar "CNN Türk" telekanalına bildirib. 

O əlavə edib ki, Azərbaycandakı Akıncı texniki dəstək mərkəzinin əməkdaşları fövqəladə vəziyyətdə hərəkətə keçməyə hazırdır. Onun sözlərinə görə, axtarış əməliyyatı son dərəcə əlverişsiz hava şəraitində, küləyin sürətinin bəzən 160 km/saata çatdığı şəraitdə aparılıb. Buna baxmayaraq, pilotsuz uçuş aparatı təxminən 100 metr hündürlüyə enərək şəkillər çəkib Türkiyə Silahlı Qüvvələrinin komandanlığına və İran rəsmilərinə ötürə bilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərək, daha əvvəl Akıncının 7 saat yarım axtarış fəaliyyətinə qatıldığını, cəmi 2,1 min km uçduğunu söyləyib.