Bir neçə gün əvvəl Füzuli rayonunun Zobcuq 1 qəsəbəsində həyətyanı torpaq sahələrinin suvarılmasında yaranan problemlə bağlı xəbər vermişdik. Həmin ərəfədə məsələnin həlli ilə bağlı səlahiyyətli nümayəndələr söz versə də, verilən vəd özünü doğrultmadı. Bu səbəblə adiyyəti qurumlarla yenidən əlaqə saxladıq. Müraciət etdiyimiz Füzuli rayon Zobcuq 1 qəsəbəsinin Mənzil İstismar Sahəsinin sahə nəzarətçisi  Nağıyev Süleyman suyun verilişinin dayandırılmasını magistral su xəttində yaranan qəza ilə əlaqələndirdi:

“Zobcuq qəsəbəsinə su ötürən boruda qəza baş vermişdi. Bu səbəblə də təmir-bərpa işləri həyata keçirilirdi. Ona görə suyun verilməsində fasilə yaranmışdı. Amma bu gün axşam saatlarında su təchizatı ilə bağlı problem tam aradan qaldırılacaq. Onu da deyim ki, həyətyani torpaq sahələrinə suyun verilişi mərhələli şəkildə həyata keçirilir.”

Bir daha xatırladaq ki, qəsəbə sakinlərinin verdiyi məlumatına görə, uzun müddətdir həyətyanı torpaq sahələrinə su verilmədiyi üçün meyvə bağları, əkin sahələri susuzluqdan qurumaq üzrədir. Bununla bağlı adiyyəti qurumlara müraciət etsələr də  heç bir nəticəsi olmayıb. 

Mövzunu diqqətdə saxlayacağıq.