Ölkə iqtisadiyyatının başlıca hissəsini kənd təsərrüfatı sahəsi  tutur ki, burada da istehsalda yaxşı nəticənin əldə olunması üçün əsas şərtlərdən biri münbit torpaq şəraiti və əkin sahələrinin suvarma suyu ilə təminatıdır. 

   İqtisadiyyat.az saytına daxil olan bir sıra müraciət və şikayətlərə əsaslanaraq, Füzuli rayonunda həyətyanı torpaq sahələrində yaranan suvarma problemini araşdırmağa çalışdıq. Belə ki, rayonun Zobcuq 1 və Qayıdış qəsəbələrində sakinlər növbəli şəkildə fərdi əkin sahələrini kanallar və arxlar vasitəsilə suvarsa da indi bu xidmət problemə çevrilib. Qazancını şəxsi təsərrüfatından əldə edən şikayətçilər bildirir ki, vaxtlı-vaxtında suvarılmayan əkin sahələri, meyvə bağları quruyur və yararsız halal düşür. Bununla bağlı saytımıza açıqlama verən Füzuli Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi İlkin Əmirli problemə bu cür aydınlıq gətirib:

   “Həyətyanı torpaq sahələrinin suvarılması üçün suyun verilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Əkinlərin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə suvarma kanalları lildən təmizlənib, hidrotexniki qurğuların təmiri işləri aparılıb. Lakin, qəsəbələrimiz çoxdur. Biz suyu nasos stansiyaları vasitəsilə ötürsək də ərazilərin yüksək və alçaq səviyyələri var ki, burada da təzyiq böyük rol oynayır. Belə vəziyyətdə ola bilər ki, hansısa vətəndaşın ərazisinə su qalxmasın. Sakinlərdən kimsə bu tip problemlə qarşılaşsa, bizimlə əlaqə saxlasınlar yerindəcə həll edək.”

Qeyd edək ki, İqtisadiyyat.az saytının təşəbbüsü ilə rayonun bu qəsəbələrində adiyyəti qurumlar tərəfindən sorğulara başlanılacaq. Bu tip problemlə qarşılaşan  rayon sakinləri şikayətlərini birbaşa edə biləcəklər.

Mövzunu diqqətimizdə saxlayacağıq!