Fransa və Almaniyanın Gürcüstandakı səfirləri Şeraz Qasri və Piter Fişer birgə bəyanatda Gürcüstanın siyasi qüvvələrini Avropa İttifaqına (Aİ) namizəd statusu almaq məqsədi ətrafında birləşməyə çağırıblar. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə səfirliklər "Facebook"da məlumat yayıblar. 

"2023-cü ilin dekabrında Avropa İttifaqı və Gürcüstan Tbilisiyə Aİ-yə namizəd statusu vermək üçün tarixi fürsət əldə edəcəklər. Bu, məqsədi ölkənin Aİ-yə daxil olması olan Gürcüstan və Avropa İttifaqı arasında uzunmüddətli tərəfdaşlıq və dostluqda növbəti addım olacaq. Biz Gürcüstanın bütün siyasi qüvvələrini bu məqsəd ətrafında birləşməyə və buna nail olmaq üçün birgə səy göstərməyə çağırırıq", - bəyanatda deyilir.

İki ölkənin səfirləri həmçinin Gürcüstan rəhbərliyinin Avropa ölkələrinə səfərlərini alqışlayıblar və əmin ediblər ki, Avropa İttifaqı namizəd statusu və Aİ-yə üzvlük yolunda Gürcüstanın yanında olmağa davam edəcək.