"Hazırda Ermənistan və Qarabağ ətrafında gedən proseslər yalnız bir şeyə - müharibəyə aparır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın keçmiş deputatı Vahe Ovannisyan yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu proses bir gecədə formalaşmayıb, erməni diplomatiyasının silsilə səhvlərinin nəticəsidir: "Yol verilən səhvlər danışıqlar prosesinin mahiyyətini təhrif edib. Söhbət Qarabağdan və Ermənistanın 8 kəndindən (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini nəzərdə tutur - red.) gedir. Paşinyan müəmmalı şəkildə o kəndlərin Azərbaycanın tərkib hissəsi kimi tanınmasına razılaşıb. Bu müddəalar danışıqlar prosesinin narrativinə çevrilib. Ona görə də rəsmi Bakı sülh danışıqlarında sözügedən ərazilərin də qaytarılmasını tələb edir". 

 

 

V.Ovannisyan hesab edir ki, Ermənistan bütün bunları sülh müqaviləsi ilə təmin etməsə, bu zaman müharibə qaçılmaz olacaq: "Buraxılmış səhvlər və danışıqlara yanlış məzmun verilməsi səbəbindən sülh dialoqu dayanıb. Diplomatiya işə yaramayanda isə yeni eskalasiya və müharibə təhlükəsi artır".

Keçmiş deputat Paşinyanın açıqlamalarını və yürütdüyü siyasəti də tənqid edib: "O, sanki baş nazir kimi deyil, sıradan bir ölkə vətəndaşı kimi çıxış edir. Anlamır ki, bura poliqon deyil, ölkədir. Ölkəni "biz cəhd etdik, alınmadı, gedin yenə ölün" məntiqi ilə idarə edə bilməzsən. Ona görə bir daha qeyd edirəm ki, baş verə biləcək müharibə hökumətin buraxdığı diplomatik səhvlərin nəticəsidir".