“Müasir Azərbaycan Qadını” İctimai Birliyinin “Erkən nikahlar qadın hüquqlarının pozulması kimi” adlı layihəsi başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, layihə iyulun 31-dək Neftçala, Lənkəran, Masallı, Cəlilabad və Lerik rayolarında həyata keçiriləcək.

Hər  rayonda  25 nəfər iştirakçı olmaqla ümumilikdə 125 nəfər layihəyə cəlb ediləcək.

Layihənin əsas məqsədi əhali arasında məlumatlandırma yolu ilə erkən nikahların azaldılması, qadın və uşaq hüquqlarının qorunmasıdır.

Tədbirlərin həyata keçirilmə məqsədi 18 yaşa çatmayan qızların hüquqlarının qorunmasını və erkən nikahların azaldılmasını təmin etməkdir. Bunun üçün regionlarda valideynlər, müəllimlər, bələdiyyə üzvləri və yuxarı sinif şagirdləri arasında məlumatlandırma kompaniyası aparılacaq, qadın və uşaq hüquqlarının pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görüləcək.

Layihənin vəzifəsi əhalinin müxtəlif qrupları arasında maarifləndirmə işlərini həyata keçirməklə nikah yaşına çatmayan qız uşaqlarının zorla ərə verilməsi, nikaha daxil olunmasının qarşısının alınmasıdır.

Layihənin bu bölgələrdə həyata keçirilməsində  məqsəd müəyyən edilmiş rayonların  erkən nikahlara çox təsadüf edilməsidir. Bu tədbirlərdə valideynlərə, müəllimlərə, yuxarı sinif şagirdlərinə erkən nikahların qanuna zidd olduğunu, qadın və uşaq hüquqlarının pozulduğunu, gələcəkdə belə nikahdan doğulan uşaqların müxtəlif xəstəliklərlə üzləşdiyini gənc qadınların fiziki, mənəvi və psixoloji sarsıntılara məruz qaldığı izah ediləcək və erkən nikahlara təhrik edilən qızların hüquqlarının müdafiəsi mexanizmi izah ediləcək.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə həyata keçirilir.