Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-də fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüş Nyu-York şəhərində yerləşən Türk Evində baş tutub. 

Görüşdə Ərdoğan Türkiyənin gələcək hədəflərindən bəhs edib. Ərdoğan Türkiyə Cümhuriyyətinin ikinci əsrinə "Türk Əsri" vizyonu ilə hazırlaşdığını vurğulayıb. O, Türkiyənin məqsədinin qlobal və regional problemlərin həllinə töhfə vermək olduğunu, regionda sülhün, sabitliyin və rifahın bərqərar olması, beynəlxalq sistemdəki ədalətsizliklərin aradan qaldırılması olduğunu qeyd edib.

Rusiya-Ukrayna müharibəsini ədalətli sülhlə bitirmək üçün səy göstərdiklərini ifadə edən prezident Ərdoğan, Türkiyənin Avropa İttifaqı ilə əlaqələrinin canlanması üçün açılan fürsət pəncərəsinə diqqət çəkib. O bildirib ki, Avropa İttifaqının bu məsələyə münasibəti həlledici olacaq. Türkiyə prezidenti Türkiyə-ABŞ əlaqələrinin inkişafından məmnunluğunu açıqlayıb. 

Ərdoğan başda PKK, FETÖ və İŞİD olmaqla bütün terror təşkilatlarına qarşı ayrı-seçkilik olmadan mübarizə, suriyalı qaçqınların öz ölkələrinə ləyaqətlə qayıtması kimi mövzularda beynəlxalq həmrəyliyin artırılmasının vacibliyini irəli sürüb.

O, görüşdə beynəlxalq sistemin qaydalara əsaslanan və ədalətli şəkildə islah edilməsinin vacibliyini xüsusilə vurğulayıb. Başda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş olmaqla, bu anlayışı ortaya qoyan bir çox insanın son bəyanatlarını xatırlatdıb.

Prezident Ərdoğan İslam düşmənçiliyinin, irqçiliyin və müqəddəs dəyərlərə qarşı hücumların artdığını, ifadə azadlığı zəminində bunlara göz yummağın böyük təhlükə olduğunu da açıqlayıb. O, hər kəsi bu çirkin hadisələrə reaksiya verməyə çağırıb.