Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Hindistana işgüzar səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi məlumat yayıb. 

Bildirilib ki, o, Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək 18-ci G20 Liderlər Zirvəsində iştirak edəcək. Zirvə 8-10 sentyabr tarixlərində baş tutacaq.

Məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” ana mövzusu altında keçiriləcək üç sessiyada fikir mübadiləsi aparacaqlar. Ərdoğanın G20 liderləri ilə görüşləri gözlənilir.

Ərdoğan 17-21 sentyabr tarixlərində ABŞ-nin Nyu-York şəhərində keçiriləcək BMT-nin 78-ci Baş Assambleyasına da qatılacaq.

ABŞ-yə səfəri çərçivəsində BMT Baş Assambleyasında çıxış edəcək Ərdoğanın Rusiya-Ukrayna müharibəsi, Suriya, Fələstin və ŞKTC ilə bağlı son yaşananlar, terrorla mübarizə, qaçqın problemi və digər mövzuları ələ alacağı gözlənilir.