“Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır. Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı didərgin düşüb. Azərbaycan bu qətliamın hesabını soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa və Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı. Nəhayət, Azərbaycan bu işi özü bitirdi.

Azərbaycan haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbənin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır”, - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova