Əfqanıstanda radarlardan itən "Falcon 10" təyyarəsinin göyərtəsində olan 4 nəfər, ilkin məlumatlara görə, sağdır, daha iki nəfər haqqında məlumat dəqiqləşdirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumat yayıb.

***

17.09

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində qəzaya uğrayan şəxsi təyyarənin Rusiyada qeydiyyatda olduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Agentlikdən verilən açıqlamaya görə, Rusiya Federasiyasının mülki təyyarələrin dövlət reyestrində qeydiyyatdan keçmiş "Falcon 10" model təyyarəsi ötən gecə Tacikistan sərhədi yaxınlığında Əfqanıstan hava məkanında olarkən radar ekranlarından itib.

Şəxsi təyyarədə 4 ekipaj üzvü və 2 sərnişinin olduğu bildirilən açıqlamada qeyd edilib: "RA-09011 qeydiyyat nömrəsi və 128 seriya nömrəli "Falcon 10" model təyyarəsi 1978-ci ildə Fransanın "Dassault Aviation şirkəti" tərəfindən istehsal edilib".

Açıqlamada bildirilib ki, təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovskiy (Rusiya) marşrutu üzrə çarter sağlamlıq xidməti reysi olub və şəxsi təyyarənin ilk uçuş nöqtəsi Tailandın Utapao hava limanı olub.

Açıqlamada Rosaviatsiyanın Əfqanıstan və Tacikistanın aviasiya orqanları ilə əlaqə saxladığı, təyyarənin axtarışlarının davam etdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Hindistana məxsus sərnişin təyyarəsinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində qəzaya uğradığı barədə məlumat yayılmışdı. Daha sonra Hindistan təyyarənin onlara aid olmadığını açıqlayıb.

***

12:06

Hindistandan Moskvaya uçan sərnişin təyyarəsi Əfqanıstanın Bədəxşan vilayətində, Çin, Tacikistan və Pakistan sərhədində qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, Rusiya aviasiya səlahiyyətliləri çarter təyyarəsində 6 nəfərin olduğunu açıqlayıb.

Təyyarənin Fransa istehsalı olan "Dassault Falcon 10 Jet" olduğu açıqlanıb.

Komandalar hərəkətə keçsə də, təyyarənin yeri hələlik müəyyən edilməyib.

Qəzanın baş verdiyi əyalət Əfqanıstanın ən yüksək dağının yerləşdiyi yerdir. Bölgənin sərt reylefi axtarış işlərini ləngidir.

***

12:02

Hindistana məxsus sərnişin təyyarəsi Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində qəzaya uğrayıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Bədəxşan vilayətinin Mədəniyyət və İnformasiya direktoru Zəbihullah Əmiri mətbuata açıqlamasında Hindistan sərnişin təyyarəsinin Kuran-Müncan və Zibak bölgələri arasında yerləşən Tohaka dağlarında qəzaya uğradığını bildirib.

O qeyd edib ki, qəza səhər saatlarında baş verib və əraziyə axtarış-xilasetmə qrupu göndərilib.

Qeyd edək ki, təyyarə Hindistana məxsus olub və Moskvaya uçurmuş.