Dünya əhalisi qocalır. Belə ki, 2050-ci ilə qədər dünyada hər 6 nəfərdən 1-i 65 yaşdan yuxarı olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Məlumata görə, dünyada 1950-ci ildə hər 20 nəfərdən 1-i, 2021-ci ildə isə hər 10 nəfərdən 1-i 65 yaşdan yuxarı olub. Beləliklə, dünya əhalisində yaşlı insanların payı artır. 2021-ci ildə 761 milyon olan 65 yaşdan yuxarı əhalinin 2050-ci ildə 2 dəfədən çox artaraq 1,6 milyarda çatacağı gözlənilir. Bu proqnoz özünü doğrultsa, yaşlı insanlar dünya əhalisinin 16%-dən çoxunu təşkil edəcək.

Bildirilib ki, 2021-ci ildə Şimali Afrika və Qərbi Asiya regionlarında 65 yaşdan yuxarı olan 30 milyon insan vardı. Bu göstəricinin 2050-ci ildə 98 milyona yüksələcəyi proqnozlaşdırılır.

Yaşlı əhalinin ən çox olduğu bölgələr arasında olan Avropa və Şimali Amerikada 65 yaşdan yuxarı olan insanların sayı 2021-ci ildə 208 milyon nəfər təşkil edib. 2050-ci ilə qədər bu rəqəmin 303 milyona yüksələcəyi gözlənilir.

 Dünyanın ən yaşlı əhalisinə sahib olan Yaponiyada yaşlılar əhalinin 29,8%-ni təşkil edir.

Qeyd edək ki, dünya əhalisinin qocalması problemlərinin həlli, ahılların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması və bu mövzuda maarifləndirmə işlərinin aparılması məqsədilə hər il oktyabrın 1-i “Ümumdünya Ahıllar Günü” elan edilib. Bu çərçivədə hər il müəyyən bir mövzu ətrafında konfranslar, tədbirlər təşkil olunur.

 

Gözəl Həşimova