“Gələn həftə Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinə təklif olunan dürüstləşmələrin qəbul olunacağı gözlənilir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, yenidən baxılmış 2024-cü il dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 34 milyard 173 milyon manata qarşı 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata çatdırılır:

“Xərclər isə təsdiq olunmuş 36 milyard 763 milyon manatdan 39 milyard 707 milyon manatadək artırlır. Ən çox verilən suallardan biri də 2024-cü ilin dürüstləşdirilmiş büdcəsindən pensiyalara əlavə nə qədər vəsaitin ayrılması ilə bağlıdır. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ilkin təsdiq olunmuş büdcəsinə əsasən, 2024-cü ildə pensiyaların verilməsi üçün 6 milyard 525 milyon manat ödəniləcək. Bu ilin ilk 4 ayının yekunlarına əsaslanaraq DSMF 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 3 milyard 387 milyon manatdan 3 milyard 577 milyon manata çatdırıb. Yəni, həmin fond ilkin proqnozlara nisbətən 190 milyon manat daha çox vəsait toplaya biləcək”.

V.Bayramov bildirib ki, həmin vəsaitin 25 milyon manatı pensiyaların verilməsinə, 5 milyon manatı isə sözgüdən fondun saxlama xərclərinə yönəldiləcək: “Bu o deməkdir ki, 190 milyon manatın 30 milyon manatı cari xərclərə yönəldiləcək və 160 milyon manat əlavə vəsait qalır. Nəticədə, DSMF dövlət büdcəsindən həmin 160 milyon manatı almayacaq və pensiyalara nəzərdə tutulandan 25 milyon manat daha çox vəsait ayıracaq. Əlavə olunan vəsait pensiyaların indeksləşdirilməsi nəticəsində yaranan xərcin ödənilməsi üçün istifadə olunacaq. Bununla da, DSMF bu il pensiyalar üçün ilkin proqnozlaşdırılandan daha çox vəsait ayıracaq”.