“Azərbaycanda “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 50 sahibkarlıq subyekti yaradılacaq”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması ilə bağlı keçirilən seminarda deyib.

Onun sözlərinə görə, KOBİA tərəfdaş qurumlar ilə birlikdə turizm sektorunda layihələrin həyata keçirilməsində maraqlıdır.

“Ötən ilin may ayında KOBİA-nın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. Müsbət nəticələr nəzərə alınmaqla, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilib. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur”, - O.Məmmədov qeyd edib.