“Gətirdiyimiz ərzaq yükünü Xankəndidəki erməniəsilli şəxslərə çatdırmaqda israrlıyıq”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq axşam saatlarıdır və hələ də gözləmə mövqeyindədirlər: “Dörd gündür ki, gözləyirik. Müəyyən problemlər üzündən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə təhvil verə bilməmişik. Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa, burda gözləyəcəyik. Məqsədimiz, məramımız bəllidir. Gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərə çatdıracağıq. Çatdırmasaq, əlbəttə, bu ərazidən getməyəcəyik. Bu gün danışıqlar aparıldı, amma gördüyünüz, kimi nəticə yoxdur”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.//Report//