Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında şəhid ailələri və digər həssas qrupların sosial dəstək tədbirləri ilə əhatə olunması məsələsi müzakirə edilib.

Nazirlikdən verilən məlıumata görə, kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminat proqramının uğurla davam etdirildiyi bildirib. Həmin kateqoriyalardan olan vətəndaşlara bu il daha 750, postmüharibə dövründə 5250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev təqdim olunduğu qeyd olunub. Yeni mənzil və fərdi evlərin təqdim edilməsi tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub. Cari ildə 2247 imtiyazlı şəxsin, o cümlədən 300-dən çox şəhid ailəsi üzvünün sanatoriya-kurort yollayışı ilə təmin edildiyi diqqətə çatdırılıb.
 
Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması, «Himayədar ailə» qayğı modelinin tətbiqi istiqamətində görülən işlərdən bəhs olunub. “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı”, “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsinin həyata keçirildiyi qeyd olunub.

İclasda sosial xidmətlər, hüquq, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.