Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurası (Aİ) məlumat yayıb. 

Məlumata görə, görüş Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə baş tutub. Görüş zamanı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.

Görüşdə həmçinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında mümkün görüşün aktuallığı barədə iştirakçılar arasında fikir mübadiləsi aparılıb.