(Qeyd: Bu yazını Denis Stelmakhın "Nevermore" parçasının sədaları altında oxumağınız tövsiyə olunur)

Dünyanın problemli regionlarından birində doğulub yaşamaq bizim taleyimizdir. Coğrafi taleyimiz. 

Son 100 illik tarixə baxanda, 20-ci əsrin əvvəllərindən bu günə qədər iki xalq arasında ən azı 5 dəfə böyük savaşın baş verdiyini görürük. Yüz minlərlə insanın həyatını itirdiyi bu amansız qarşıdurma qana susamış bir yırtıcıya bənzəyir. Ya da qorxulu bir bataqlığa. Yaxın duranı içinə çəkən bir bataqlıq.. 

Tarixi qədim olmayan bu problemdən uzun-uzadı bəhs etmək istəmirəm. Hamı hər şeyi bilir. 

Səhv etmirəmsə, Leonardo Da Vinçinin belə bir deyimi var: "Bizi qaliblərin deyil, məğlubların taleyi maraqlandırır". 

1-ci Qarabağ savaşında məğlub olmuşduq və xalq olaraq bu məğlubiyyətin mənəvi yükü altında əzilirdik. Bu ölkədə minlərlə insan çoxdan əlini üzmüş, ümidini itirmişdi Qarabağdan. Xəyalını belə qura bilmirdik.

Mən hələ də hərdən Şuşanın, Kəlbəcərin, Füzulinin, Zəngilanın azad edildiyini düşünəndə qəribə həyəcan məni bürüyür. 

44 günlük savaşdan sonra ən çox heyfsləndiyim bu günləri görmədən dünyasını dəyişənlər olmuşdu. "Filankəs kaş bu günləri görəydi" kədəri məni heç vaxt rahat buraxmır. 

Bu gün minlərlə erməninin Qarabağdan gedişini izləyirik. Son 3 ildə məğlubiyyət sırası onlardadır. Və məni indi həm də onların taleyi maraqlandırır. 

Xəbərləri oxuyuram: "Qarabağdan gedənlər Gorusda çadır şəhərciyinə yerləşdirilir". 

Azərbaycanlıların travmasına çevrilən o söz birləşməsi: çadır şəhərciyi

Xalqımız üçün o qədər ağır xatirələri var ki, bu iki sözün. Dünyaya orada gələnlər, oradan dünyanı dərk edənlər.. Sonra böyüdülər. Kimisi zəngin oldu, kimisi vaxtsız öldü, kimisi xaricə köçdü, kimisi hələ də günəmuzd yaşayır. Amma hamısını birləşdirən ortaq bir keçmişi var. İndi onların keçmişi Qarabağdakı ermənilərin bu günüdür. 

Bilirəm, biz ayaqyalın getmişdik, onlar sprinterlərlə, şəxsi maşınları ilə gedir. Şərtlər bərabər deyil. Amma nə deyirsiniz, deyin, eyni taledir. Bizim 30 il əvvəl yaşadıqlarımızı daha rahat şərtlər altında bu gün erməni xalqı yaşayır. Və bu eynilik, bu tarixi bənzərlik məni həyəcanlandırır. 

Az qalıram, Şuşadan, Cıdır düzündən var gücümlə üzü Xankəndiyə doğru bağırım ki, "indi başa düşürsünüz, biz nələr çəkmişdik? İndi anlayırsınız yaşadığın yeri qoyub getmək nə deməkdir? Nə deyim sizə? Nə deyək sizə?"

Gözümüzün qarşısında bir revanş tarixi yaşanır. Bu sanki Tanrının çəkdiyi təbii bir filmdir. Səhnələri real, obrazları canlı, hadisələri həyəcanlı.

44 günlük müharibədən sonra bir həmyerlimiz öz doğma kəndinə getmişdi. Onun orada daşı daş üstə qalmayan evlərin qarşısında dayanaraq uşaqlıq dostlarını, qonşularını haraylaması hələ də qulağımdan getmir. Onun o çağırışına bütün dünya yığılsa, cavab verə bilməz. 
 
O gün baxıram ki, Xankəndidə yaşayan ermənilər 44 günlük müharibəyə həsr edilmiş xatirə lövhəsindən ölmüş övladlarının şəkillərini qoparıb aparırlar. Kədərlidir. Dünyanın ən ağır cinayətkarı da olsan, valideyn üçün onun övladısan. Bütün dünya səni mühakimə etsə də, ananın sənə yazığı gələcək, ürəyi yumşalacaq. Buna görə, valideynlik sevgisinə görə heç kim qınana bilməz. 

Mən həm hər iki xalqın bu bədbəxt taleyinə kədərlənirəm, həm də ermənilərə qəzəbli şəkildə yazığım gəlir. Kirli bir tarixə və taleyə sahib olduqları üçün. Bir qrup cinayətkarın, absurd bir ideologiyanın köləsinə çevrildikləri üçün. 

İşğalçı olmaq ağır damğadır. Biz bu torpaqları günahsız tərk etmişdik, onlar isə günahkar kimi gedir. 

Bu gün özümüzü dərk edəndən bəri bildiyimiz həqiqətlərin sadəcə sözdə qalmadığını, baş verdiyini, icra olunduğunu görürük. Şanlı bir tarix yazılır.  

Amma bu həqiqət bizdən canlarımızı alıb aparır. Həqiqət həqiqətən acıdır.

Yenə şəhidlərimiz var. Onların sayının neçə olması önəmli deyil. Bizim zirvə kimi təsnif etdiyimiz o yer anaların, ataların, balaların boğulduğu bir dərinlikdir.  

Yaxşı bəs nə təklif edirəm? İnanın ki, buna cavabım yoxdur. Qurban vermədən bircə tikə torpağı azad etməyin mümkün olmadığını da bilirəm. 

Yaxşı gəlin savaşmayaq. Əli silahlı cəlladlar bu torpaqlarda meydan sulasın, biz də oturaq tamaşa edək eləmi? Belə də olmur axı.. 

Üstəlik biz də övlad böyüdürük. Bu problem bizdən də keçsin, övladlarımızamı qalsın? Daha neçə il davam etsin bu lənətə gəlmiş problem? 

Yenə cavabsız suallar içindəyəm. 

Çarəsizlik. Sanki çarəsizik. 

Yox, mən xalqa "çarəsizsiniz" demirəm. Buna haqqım da yoxdur. 

Bu xalqın "çarə sizsiniz" deyə bildiyi şəhidləri var. Buna Allah şahiddir. 

Şəhid isə Allahın ən böyük şahididir. 

Ruhunuz şad olsun!

Rahil Sayadoğlu