Rusiya hökumətinin təşəbbüsü ilə dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş 1 TIR yük göndərilib.

Dünən axşam saatlarında separatçılar yükü qəbul edəcəklərini açıqladılar. 

Bu gün səhər saatlarında isə məlum oldu ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi yük Bərdədə gözlədilir. Sən demə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) yükün Ağdam-Xankəndi yolundan keçməsinə süni əngəl törədir. 

Təəccübləndikmi? Xeyr! Çünki artıq uzun müddətdir bu təşkilatın ikiüzlü davranışlarının şahidi oluruq. Təsisçilərindən birinin Fransa olduğu təşkilatdan gözlənilən də elə budur. Dünyanın müxtəlif ölkələrində humanitar missiya ilə çıxış edən BQXC-nin Azərbaycandakı missiyası humanizmə sığmır.

Ermənilərin aclıq oyunlarına inanan, ya da özünü inanırmış kimi göstərən bu təşkilat indi niyə Rusiyadan göndərilən yükün keçidinə əngəl törədir? Ağdam-Xankəndi yolu ilə keçməli olduğuna görəmi? Beynəlxalq təşkilatın nəyinə lazımdır humanitar yük hansı yoldan keçir? Əgər BQKX bu mövzuda yol söhbəti edirsə, deməli təşkilat Qərbin siyasi alətinə çevrilib. Bunun başqa adı yoxdur. 

Dünyanın bir sıra böyük ölkələri və liderləri Azərbaycanın Qarabağ iqtisadi rayonundakı marionet rejimin “seçki”sini tanımadı. Üstəlik, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna da dəstək verilir. Lakin bəzi Qərb dairələri özlərini çox qəribə aparmaqda davam edir. Onlar həm Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edir, həm Ağdam-Xankəndi yolunun Laçın yoluna alternativ ola bilməyəcəyini vurğulayır.

Bunlar anlamır ki, əgər sən mənim ərazi bütövlüyümü tanıyırsansa, ölkə vətəndaşlarına humanitar yükün hansı yoldan aparılmasına müdaxilə edə bilməzsən. Elə bil biz İspaniya hökumətinə deyirik ki, “sizin ərazi bütövlüyünüzü tanıyırıq, amma Barselona şəhərinə humanitar yükü Tarraqonadan deyil, Jironadan göndərin. Tarraqona yolu alternativ ola bilməz”. Qərbin Laçın yolu inadkarlığının nə qədər absurd olduğuna fikir verirsinizmi?  

Təəssüfləndirici məqam ondan ibarətdir ki, indi Qərbin humanitar məsələlərdən məsul olan BQXK bu mövzuda sanki siyasi sifariş yerinə yetirməklə məşğuldur. 

Adı Qızıl Xaç Komitəsidir. Amma gördüyü iş adınalayiq deyil. Hazırda təşkilatı ən yaxşı halda Qızıl suyuna çəkilmiş Xaç Komitəsi adlandırmaq olar.