“Bakı Şampan Şərabları” ASC-yə Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyətinə mane olduğu üçün cərimə yazılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Mərkəzi Bankının fəaliyyətinə mane olmaya görə vəzifəli şəxslər 500  manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, 2002-ci ildə dövlət qeydiyyatına alınan ASC-nin nizamnamə kapitalı 4 194 072 manat, qanuni təmsilçisi Hüseynova Arzu Əlihüseyn qızıdır. “Bakı Şampan Şərabları” zavodu isə 1980-ci ildə yaradılıb, şampan şərablarının və araq-çaxır məmulatlarının istehsalı üzrə ən iri müəssisələrdən biri olub.