2019-cu ilin birinci rübü ilə müqayisədə 2020-ci ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hasilat 8,6% azalıb. 

Fins.az  BP Azərbaycan şirkətinin 2020-ci ilin birinci rübünün yekunları üzrə Biznes əməliyyatları hesabatına istinadən xəbər verir ki, rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (39 000), Mərkəzi Azəri (136 000), Qərbi Azəri (125 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (51 000) platformalarından birlikdə – gündə orta hesabla 524 000 barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq olub.

Xatırladaq ki, 2019-cu ilin birinci rübündə AÇG-dən ümumi hasilat – Çıraq (43 000), Mərkəzi Azəri (146 000), Qərbi Azəri (128 000), Şərqi Azəri (100 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (58 000) platformalarından birlikdə – gündə orta hesabla 571 000 barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton təşkil etmişdi.

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).