Azərbaycan Avropanın mühüm enerji təchizatçısı rolunu artırmaqda davam edir. Avropaya neft, qaz ixracı ilə yanaşı elektrik enerjisi ixracı da reallığa çevrilir.

Dünyanın geosiyasi mənzərəsi iqtisadi əlaqələrə də təsir edir. Vəziyyətin dəyişməsi etibarlı tərəfdaşları önə çıxarır. Azərbaycan da neft və qaz təchizatçısı kimi etibarlılığını sübut etdiyindən Avropa ölkələri elektrik enerjisinin idxalında da Azərbaycana üz tutur. Bunun üçün Azərbaycanın güclü potensialı var. Ölkə təkcə Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindədir. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır. “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropaya elektrik enerjisinin ixracı ilə bağlı fikrini bildirmişdi:

“Lakin bizim elektrik enerjisinə Balkan ölkələrində, Serbiyada, Bolqarıstanda, Rumıniyada və bəlkə də digər Avropa ölkələrində tələbat var. Lakin buna nail olmaq yalnız komanda işini davam etdirməklə və sərmayə qoyuluşları vasitəsilə mümkündür. Biz elektrik enerjisinin Avropaya mühüm ixracatçısı olmağı planlaşdırırıq. Bazar bizim üçün çox cəlbedicidir.”

Prezidentin fikrindən qısa müddət sonra Macarıstan ölkənin iqtisadi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanı əsas təminatçı kimi gördü.

Macarıstanın Baş Nazirinin Mətbuat Xidmətinin rəhbəri Havasi Bertalan bildirdi ki, “dekabrın 17-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycandan elektrik enerjisinin tədarükü haqqında saziş imzalayacaq. Elektrik enerjisinin tədarükü Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə Gürcüstan və Rumıniyadan keçməklə nəzərdə tutulur. Dördtərəfli saziş Buxarestdə bağlanacaq”.

Elektrik enerjisinin ixracı və tranzitinin artırılması ilə əlaqədar hazırda icra edilən və planlaşdırılan tədbirlər, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi üzrə əməkdaşlığın genişləndirilməsinə imkanları açacaq.

Gürcüstanin İqtisadiyyat və Davamli İnkişaf naziri Natia Turnava  bir müddət əvvəl söyləmişdi ki, “bu, tamamilə yeni reallıqdır, o zaman bizim enerji bazarımız təkcə hüquqi cəhətdən deyil, fiziki olaraq Avropa bazarına qoşulacaq. Əgər həyata keçirilərsə, 1195 kilometr uzunluğunda 1000 meqavatlıq kabel Rumıniyanı şərqi Balkan sahilləri ilə birləşdirəcək, Cənubi Qafqaz və Avropaya genişlənmiş ixrac imkanlarından yararlanmağa və saatlıq bazar qiymətləri ilə elektrik enerjisini idxal etməyə imkan verəcək”.

Azərbaycanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin mühüm rol oynaması həm də Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edəcək bu layihə birgə enerji təhlükəsizliyi layihələrinin davamı olmaqla Avropanın təchizat mənbələrini şaxələndirəcək.

Millət vəkili Məlahət İbrahimqızı isə bu barədə bildirdi ki,  “Avropanın eyni zamanda Azərbaycanın elektrik enerjisinə çox böyük ehtiyacı var. Hazırda Serbiya Ruminiya Macarıstan Gürcüstan xüsusi elektrik enerjisi üçün Qara dənizin suyun altından keçən xüsusi xəttin çəkilişi ilə bağlı işlər yekunlaşdıqdan sonra Azərbaycan təkcə qaz və yaxud neft deyil , həm də elektrik enerjisi ixrac edəcəkdir. Bu da təbii ki bu gün dünyanın əsas ideologiyası bildiymiz kimi enerjidir, enerji olmadığı ölkədə həyat dayanır”.

İqtisadçı Elşad Məmmədov Avropaya enerji ixracını həm də geniş imkanlarını səmərəli sayır:

“Elektrik enerjisinin ixracatı nöqteyi nəzərindən bunun təmin edilməsi mümkündür, perspektivlidir. Məlumdur ki, bötüvlükdə Avropada enerji balansında kəskin problemlər yaşanmaqdadır və Azərbaycan enerji tədarükü nöqteyi-nəzərindən sözsüz ki Avropada mövqelərini möhkəmləndirə bilər”.

Azərbaycanın Qara dənizin dibi ilə elektrik enerjisi ixracına gəldikdə isə bu, dünyada özünü doğruldan layihələrdən sayılır. Məsələn, İspaniya, Fransa və Portuqaliya Biskay körfəzində dənizin dibindən elektrik xəttinin çəkilməsinə dair razılaşma əldə ediblər və 370 kilometr uzunluğunda sualtı xəttin çəkilməsinin birgə maliyyələşdirilməsi barədə saziş imzalayıblar. Aİ layihənin büdcəsinin təqribən 30 faizini (578 milyon avro) ayırmaqla birlik tarixində energetika layihəsinə yatırılan ən böyük məbləği ayırmış oldu. Bununla da İspaniya və Portuqaliya uzun illərdir öz energetika sistemlərinin təcridinə son qoyacaqlar.