Dünya ölkələrinin əksəriyyəti su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir. Ölkəmizdə də iqlim dəyişikliyinin təsiri nəticəsində su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı İqtisadiyyat.az-a bildirib ki, qlobal iqlim dəyişikliklərinin içməli su mənbələrinə təsiri artıq Azərbaycanda da hiss olunur:
“Bəzi şəhər və qəsəbələri su ilə təmin edən mənbələrdə məhsuldarlığın azalmasını müşahidə edirik. Bu mənbələrdə ötən illər ərzində “Azərsu” cəmiyyətində tədbirlər planına uyğun olaraq alternatif mənbələr yaradılaraq, əhalinin istifadəsinə verilib.
Lakin, ümumilikdə bu su ehtiyatlarının azalması əhalinin içməli su təchizatına elə də təsir göstərmir. Çünki Azərbaycanda su ehtiyyatlarının təxminən 2 %-i içməli suya yönəldilir.”
Qeyd edək ki, Cənubi Qafqazın su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının azlığına görə fərqlənməsinə baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.

 

Məhəbbət Məmmədov