Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-noyabr aylarında 42,2 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 13,9% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 70,0%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 27,1 % artıb.

Emal sektorunda hazır metal məmulatlarının istehsalı 82,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6%, tütün məmulatlarının istehsalı 55,7 %, içkilərin istehsalı 40,0 %, poliqrafiya məhsullarının istehsalı 39,9%, kompüter, elektron və optik məhsulların istehsalı 37,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9%, mebel istehsalı 29,5%, kimya sənayesi məhsullarının istehsalı 27,3%, əczaçılıq məhsullarının istehsalı 24,7%, kağız və karton istehsalı 23,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1%, geyim istehsalı 11,5%, qida məhsullarının istehsalı 10,4%, maşın və avadanlıqların istehsalı 5,2%, tikinti materiallarının istehsalı 4,4%, elektrik avadanlıqlarının istehsalı 1,3% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3%, neft məhsullarının istehsalı 3,7%, sair nəqliyyat vasitələrinin istehsalı 10,0%, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9% artıb.