TANAP-ın tikintisi başa çatıb və noyabrın 30-da kəmərin açılışı olacaq.

Trans-Anadolu qaz kəmərinin tikintisi layihəsi başa çatıb və bu münasibətlə noyabrın 30-da açılış mərasimi keçiriləcək.

Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz məlumat verib. Onun sözlərinə görə, açılış mərasimi ilə əlaqədar təşkil olunacaq rəsmi mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir. Fatih Dönməz bildirib ki, TANAP Türkiyənin ən əhəmiyyətli layihələrindən biridir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb.

Bu il boru kəməri ilə 1,8 milyard kubmetrədək qaz nəq olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.