Bu ilin yanvar-mart aylarında Azərbaycan 17,85 milyon ABŞ dolları dəyərində 374,63 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,42%, qeyri-neft sektoru üzrə ixracda isə 4,2% paya malik olub. Halbuki, ilin ilk iki ayında bu rəqəmlər müvafiq olaraq 0,55% və 6% olub.

Qeyd edək ki, DGK-nın açıqladığı rüblük elektrik enerjisi ixracı göstəriciləri yanvar-fevral aylarının göstəriciləri ilə eynidir. Bir sözlə DGK-nın aylıq hesabatında mart ayı üzrə elektrik enerjisi ixracı əks edilməyib.

Məsələ ilə bağlı qurumnan “Report”a bildirilib ki, xarici ticarətin gömrük statistikası məlumatları, hesabat dövründə rəsmiləşməsi tam başa çatmış mallar üzrə buraxılmış gömrük bəyannamələrı əsasında formalaşır. 2020-ci ilin mart ayı üzrə elektrik enerjisi ixracının rəsmiləşməsi tam başa çatmadığından həmin dövr üzrə elektrik enerjisinin ixracı xarici ticarətin gömrük statistikası göstəricilərində əks olunmamışdır və həmin məlumatlar aprel ayının gömrük statistikasında öz əksini tapacaq.