2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15981,4 milyon dollar, idxalın dəyəri 11455,3 milyon dollar təşkil edib, nəticədə 4526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4% artıb, real ifadədə isə 1,3%, o cümlədən idxal 2,8%, ixrac 0,5% azalıb. Bu dövr ərzində ölkədən 1572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5%, real ifadədə isə 11,3% çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,4 faizini İtaliyaya, 13,8%-ini Türkiyəyə, 6,9%-ni İsrailə, 5,7%-ini Hindistana, 4,9%-ini Almaniyaya, hər biri 4,2% olmaqla Çin və İspaniyaya, 3,4%-ini Rusiyaya, 3,2%-ini Fransaya, 2,9%-ini Gürcüstana, 2,8%-ini Çexiyaya, 2,3%-ini Birləşmiş Krallığa, 2,1%-ini Portuqaliyaya, 1,9%-ini Ukraynaya, 12,3%-ini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9%), Türkiyəyə (20,6%), İsveçrəyə (9,4%), Gürcüstana (8,4%), Ukraynaya (2,5%), İtaliyaya (2,3%), Çinə (2,2%), Yunanıstana (2,2%), Niderlanda (1,4%), İrana (1,4%) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,3%-i Rusiya, 11,6%-i Türkiyə, 10,6%-i İsveçrə, 9,4%-i Çin, 6,0%-i ABŞ, 5,1%-i Almaniya, hər biri 3,4% olmaqla Kanada, İran və Ukrayna, 2,7%-i İtaliya, 2,6%-i Avstraliya, 1,9%-i Fransa, 1,7%-i Birləşmiş Krallıq, 1,6%-i Yaponiya, 20,3%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1%, şəkər – 45,6%, tütün – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 30,6%, çay – 7,1%, meyvə və tərəvəz konservləri – 2,3%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 42,2%, pambıq lifi – 52,4%, emal olunmamış alüminium – 29,1%, polietilen – 10,1%, pambıq ipliyi – 34,9%, bentonit gili – 12,9% artmış, təzə tərəvəz ixracı isə 7,3%, kartof – 7,2%, bitki yağları – 18,1%, təbii üzüm şərabları və üzüm suslosu – 22,5%, qara metallardan yarımfabrikatlar – 17,5%, qara metallardan borular – 82,7% azalıb.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında buğda idxalı 46,0%, xam şəkər və şəkər – 1,7 dəfə, təzə meyvə – 2,2%, bitki yağları – 2,6%, kərə yağı, digər süd yağları və pastaları – 16,6%, çay – 2,1%, kartof – 36,5%, quş əti və onun əlavə məhsulları – 10,0%, mal əti – 3,2%, təzə tərəvəz – 30,0%, minik avtomobilləri – 1,8 dəfə, polad prokatı – 29,4%, mineral gübrələr – 33,6%, hesablama maşınları, blok və qurğuları – 42,1%, rezin şinlər – 15,6%, avtobuslar – 2,5 dəfə, mebellər – 3,2%, məişət kondisionerləri – 1,6 dəfə, yük avtomobilləri – 1,7 dəfə, polietilen – 20,8%, paltaryuyan maşınlar – 10,1%, qara metallardan künclüklər – 19,5% artmış, siqaret idxalı isə 52,2%, qara metallardan borular – 15,1%, qara metallardan çubuqlar – 18,4%, sement və sement klinkerləri – 20,6%, məişət soyuducuları – 14,0% azalıb.