Avropa İttifaqının maliyyə nazirləri birgə bəyanat yayaraq, təşkilatın neft-qaz və kömür layihələrini maliyyələşdirməkdən imtina etməli olduğunu bildiriblər. Bu barədə “Reuters”məlumat verib.

İnformasiya agentliyinin məlumatına görə, Avropa İttifaqının maliyyə nazirləri birinci dəfədir ki, hasil edilən yanacaq növlərinin maliyyələşməsini tamamilə dayandırmaq barədə çağırışla çıxış edirlər. Əvvəllər onlar yalnız kömürlə işləyən elektrik stansiyalarının maliyyələşməsini dayandırmağa çağırmışdılar.

Mütəxəssislər bildirirlər ki, hasil edilən yanacaq növlərinin maliyyələşməsinin dayandırılmasından tamamilə imtina edilməsi Avropa İnvestisiya Bankının və Avropa İttifaqının maliyyə idarələri tərəfindən bu qəbildən olan layihələrə milyardlarla avro ayrılmasının qarşısını alacaq.

Avropa İttifaqının qlobal istiləşmə ilə mübarizə istiqamətində ümumdünya layihələrinin maliyyələşməsində əsas mənbə olmasına baxmayaraq, təşkilat hasil edilən yanacaq layihələrinə də həmişə maliyyə ayırıb. Belə ki, Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti özlərinin nüvə enerjisindən və kömürdən asılılığını azaltmaq üçün qaz layihələrinə dəstək verir.

Xatırladaq ki, bir müddət əvvəl Avropa İnvestisiya Bankının İdarə Heyəti də 2021- ci ilin axırlarından etibarən hasil edilən yanacaq növləri sahəsində layihələrə yeni maliyyə qoyuluşları məsələsinə baxmayacağı ilə bağlı strategiya qəbul etmişdi. Bank bundan sonra əsasən enerjinin effektivliyini və karbonsuzlaşdırılmasını artıran layihələrə üstünlük vermək niyyətində olduğunu bildirmişdi.