Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Türk Aerokosmik Şirkəti (TUSAŞ) tərəfindən hazırlanmış ANKA-3 pilotsuz uçuş aparatı bu gün ilk uçuşunu uğurla başa vurdu. Ümid edirəm ki, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək", - Ərdoğan sosial şəbəkədə yazıb. 

ANKA-3 hücum məqsədli pilotsuz təyyarədir. İxtisaslaşmış nəşrlərə görə, onun inkişafı 2022-ci ilin fevralında başlayıb, lakin ötən ilin sonuna qədər gizli saxlanılıb. Pilotsuz təyyarə gizli texnologiyalardan istifadə etməklə "uçan qanad" dizaynına uyğun olaraq yaradılmışdır ki, bu da onun radar stansiyalarından yayınmasına səbəb olur və turbojet mühərriki ilə təchiz edilib.

Dronun maksimal uçuş hündürlüyü 12 km, havada qalma müddəti 10 saat, faydalı yükü 1200 kq, maksimal sürəti 800 km/saatdan yuxarıdır.

ANKA seriyalı PUA-lar 2017-ci ildən kütləvi istehsal olunur.