Yanvarın 22-də Avropa İttifaqı (Aİ) Şurasının bu il keçiriləcək ilk iclasında Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

"Əvvəlcə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri ilə müzakirələr aparılacaq. Sonra Səudiyyə Ərəbistanı, İordaniya və Misir XİN rəhbərləri ilə işgüzar nahar olacaq. Daha sonra Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri ilə müzakirələr aparılacaq", - deyə o qeyd edib.

Məlumata görə, Aİ Yaxın Şərqdəki münaqişənin siyasi həllini müzakirə etmək niyyətindədir: "Biz bu zorakılığı dayandıracaq həll yolu tapmalıyıq. İrəliyə doğru yeganə yol siyasi razılaşmadır".

O həmçinin bildirib ki, Avropa İttifaqı Qırmızı dəniz üzrə missiyanın yaradılmasını müzakirə edir: "Biz bu məsələ ilə bağlı çox erkən mərhələdəyik. Bunun necə edilə biləcəyini müəyyənləşdirmişik. Missiya nə vaxt həyata keçirilə bilər? Bilmirəm, ümid edirəm ki, bunu tez bir zamanda edə bilərik. Amma yekun tarix yoxdur".