Avropa Şurasının sədri Çarlz Mişel, onun müşavirləri Saymon Mordu və Maqdalena Qrono, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ Şurasından yazılı açıqlama verilib. 

Açıqlamaya görə, Fransa prezidenti Emmanuel Makronun müşaviri Emmanuel Bonne və Almaniya kansleri Olaf Şolzun müşaviri Yens Ploetnerin qatıldığı iclasda Avropa İttifaqı Şurasının sədri Mişel də iştirak edib.

İclasda Aİ bütün hadisələri yaxından izlədiyini və sahədəki gərginliyin mülki şəxslərin vəziyyətinə təsir etməməsi üçün ən yüksək səviyyədə müdaxilə etdiyini bildirib.

Aİ həmçinin “beynəlxalq humanitar yardıma və insan haqları subyektlərinə icazə verilməsinin, şəffaflığın, Azərbaycanın Qarabağda yaşayan ermənilərə baxışı haqqında ətraflı məlumatın verilməsinin” zəruriliyini vurğulayıb.

Hikmət Hacıyev Azərbaycanın yerli əhaliyə humanitar yardım və təhlükəsizliyin təmin edilməsi planlarını da açıqlayıb.

Hacıyev və Qriqoryan növbəti mümkün görüşdə normallaşma prosesinin irəliləməsi üçün konkret addımları müzakirə ediblər.

Bəyanatda qeyd olunub ki, görüş oktyabrın 5-də İspaniyada Avropa Siyasi Birliyinin (AST) Sammiti çərçivəsində Mişel ilə dörd ölkənin liderləri arasında keçirilməsi planlaşdırılan görüşə hazırlıq çərçivəsində fikir mübadiləsi aparmağa imkan verib.