Elə insanlar var ki, öz maraqlarını qorumaq üçün hər şeyə gedir. Ən pis addımları da əsirgəmir. Belələri üçün öz maraqları o qədər önəmlidir ki, digərlərinin bədbəxt olması belə onları yolundan çəkindirmir. Bu tək insanlarda deyil, ölkələrdə də belədir. 
Dünyada öz maraqlarını digər xalqların bədbəxtliyi üzərində quran bir ölkə soruşsaz, ilk ağla gələn heç şübhəsiz Amerika Bİrləşmiş Ştatları olar.

Bu superdövlət təəssüf ki, həm də super riyakardır. Biz bu ittihamı səsləndirərkən hansısa ölkələrin tarixinə boylanmırıq. Halbuki qısaca nəzər sala da bilərik. Biz ABŞ-yə riyakar deyərkən, uzağa getmədən bizə münasibətini göz önünə gətirə bilərik. 

Dünyanın problemli ölkələrində hamıdan birinci peyda olan Birləşmiş Ştatlar həmişə haqq carçısı kimi təqdim olunur. Bəli məhz təqdim olunur. 20-ci əsrin 50-70-ci illərində 3 milyona yaxın insanın həyatını itirdiyi ABŞ-Vyetnam müharibəsində bu “superdövlət” özünü günahsız göstərmək üçün “Rembo” kimi obrazlar yaradaraq əslində günahsız olan vyetnamlıları gözümüzdə düşmənə çevirmişdi. 

Okeanın o tayında birləşmiş bu ştat yığını görəsən okeanın bu tayında nə axtarır? Haqq-ədalət? Bəs niyə dünyanın hər yerinə əli çatan ölkə Qafqazda 30 ildir işğala məruz qalan Azərbaycana sıra gələndə “əlini ciblərinə qoyub” özünü xəbərsiz kimi aparır? 

Niyə hər yerdə haqqı “görən” ABŞ bizə gələndə görmə məhdudiyyətli ölkəyə çevrilir? Bunun adı riyakarlıq deyilsə, nədir?

Dünyada problemli ərazilər çoxdur. Ukrayna, Moldova, Gürcüstan bizə ərazicə yaxın olanlardır və Birləşmiş Ştatlar daim bu ölkələrin ərazi bütövlüyünü dəstəkləyib. Özü də tək sözdə deyil, həm də əməldə. Çox gözəl. Bəs niyə 30 ildir işğala məruz qalan Azərbaycana əməldə heç bir dəstək verməyib? Nəyimiz çatmır?

ABŞ-nin hansı maraqlarına cavab vermirik? İstədikləri marionet rejimi Azərbaycanda qura bilmədiyinə görə, ola bilərmi?
Azərbaycanın müstəqil və balanslı siyasi xətt yürütməsini həzm edə bilmədiyinə görə ola bilərmi? 

Hər şey gün kimi aydın və aşkardır. ABŞ güclü dövlətdir, amma bu güc onun ədalət prinsiplərində, haqsızlığa münasibətində bərabər bölünmür. ABŞ öz gücünü yalnız maraqlarının toqquşduğu ölkələrə xərcləyir.

Bu gün Ukrayna cəbhəsi Amerika Birləşmiş Ştatlarının hərbi arsenalının sınaq poliqonuna çevrilib. Əlbəttə Ukrayna işğala məruz qalıb və ABŞ Ukraynanı Rusiya kimi nəhəng ölkə qarşısında tək qoymur. Bəs bizi niyə erməni işğalı qarşısında 30 il tək qoydu? Ermənistandan çəkindiyinə görəmi?

Dünyada heç Ermənistanın da tanımadığı qondarma rejimin nümayəndələri bu 30 il ərzində okeanın o tayında saysız-hesabsız görüşlər keçirib dolayısı ilə Birləşmiş Ştatlardan həm maddi, həm də mənəvi dəstək alıblar. Əfqanıstanda, İraqda terrorçu “ovuna çıxan” ABŞ niyə Qarabağda terror törətmişlərlə əməkdaşlığa gedib?

Bu suallara Ağ Evdə cavab verə biləcək bir başıpapaqlı varmı? Beynəlxalq terrorla mübarizə aparan ölkə özü terrorizmi maliyyələşdirməklə məşğuldur.

Bu 30 ildir belə idi. Təəssüf ki, indi də belədir. O boyda ölkə işğalçı Ermənistanın əsirinə çevrilib. Adam istəyir desin ki, “boyuna-buxununa bax, əməllərinə, siyasətinə bax”. O boyda nəhəng ölkə 3-5 separatçının “blokada” yalanlarına inanacaq, ya da inanmaq istəyəcək qədər kiçilib. 

Azərbaycan rəsmiləri ilə telefon əlaqəsi quran Entoni Blinken həm Ağdam, həm də Laçın yolunun açılmasını xahiş edir. Azərbaycan da böyük diplomatik jest edərək hər iki yolun paralel açılmasına razılığını dilə gətirir. Sonra nə baş verir? Ağ Evdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışırlar. Ay Blinken! Niyə belə ikiüzlü davranırsınız? Ağ Evi ağ yalan yuvasına döndəribsiniz.

Qondarma qurum “seçki” keçirdi. Dünyanın sivil ölkələri bu şounu tanımadığını bəyan etdi. Vaşinqton isə ağzına su alıb oturdu. Yalnız Azərbaycan tərəfinin haqlı təzyiqlərindən sonra Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində və şifahi şəkildə “seçki”ni tanımadığını bildirdi. 

Sanki Birləşmiş Ştatlar bölgədə sülh tərəfdarı deyil. Sanki separatçıların tam tərkisilah edilməsini, qanunsuz rejimin ləğvini istəmir. 
Elə isə nə istəyir ABŞ? Ermənistanın timsalında növbəti qurban? 

Niyə Bayden adminstrasiyası dünyada heç bir legitimliyi olmayan rejimin havadarı kimi çıxış edir? Məgər görmədilərmi ki, Azərbaycan 44 gün ərzində beynəlxalq ədaləti necə bərpa etdi? Məgər bilmirlərmi ki, heç bir dövlət Azərbaycanın haqlı iradəsinə təsir edə bilməz?

Amerika Birləşmiş Ştatlarının qurucularından biri, ölkənin müstəqillik bəyannaməsinin müəllifi və imzaçısı Bencamin Franklin deyirdi ki, tarixdə yaxşı müharibə və pis sülh yoxdur.

Təəssüf ki, hazırda ABŞ Ermənistanı və onun havadarlıq etdiyi separatçıları bölgədə sabitliyin yeganə qarantı olan yaxşı bir sülhə deyil, çox pis bir müharibəyə sövq edir. 

Bu qorxulu siyasi xəttin ən böyük zərəri isə şübhəsiz ki, Ermənistana dəyəcək.