Xəzər dənizində suyun səviyyəsində kəskin azalma müşahidə edilir. Sahilyanı bir çox ərazilərdə dənizdə qurulan estakadaların sudan kənarda qalması da bunun bariz nümunəsidir. Rəsmi mənbələrdə dəniz səviyyəsinin son 5 ildə 69 sm, 10 ildə isə 114 sm aşağı endiyi qeyd olunur. Xəzərin suyunun bu qədər geri çəkilməsi həmçinin əhalidə də müəyyən narahatlığa səbəb olub. 

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi oraya tökülən çayların axınlarında problemlərin olmasıdır.

Onun sözlərinə görə, Xəzəri qorumaq və su itkisinin qarşısını almaq üçün ilk növbədə dənizə tökülən çayların axınları bərpa olunmalıdır.

Xəzər dənizinə tökülən ən böyük çayın Volqa olduğunu xatırladan ekspert söyləyib ki, onun da suyunda itkilər var: "Yəni, Volqa təxminən 20-25 kub kilometr illik olaraq su itirir. Amma tək Volqa deyil, eyni zamanda Kür çayında da su kəskin azalıb. Bu isə Xəzərin su balansına çox mənfi təsir edir. Həmçinin Ural çayında suya olan tələbat xeyli artıb. Ona görə də, hesab edirəm ki, suya az təlabatı olan texnologiyalara keçilməli, su itkiləri ilə bağlı olan fəaliyyətlərdən qismən də olsa imtina edilməlidir".

R.Abbasov Xəzərdə su balansının necə bərpa edilə biləcəyindən də danışıb. O bildirib ki, çayların Xəzərə axınındakı problemlər aradan qaldırılarsa, Xəzərin su balansı tədricən bərpa oluna bilər:

"Burada iqlim dəyişmələrinin də rolunu qeyd etməliyik. Nə qədər çətin olsa da, getdikcə daha az suya dayanıqlı olan bir təsərrüfat qurmalıyıq. Digər tərəfdən ayrı-ayrı sektorlar üzrə adaptasiya aparılmalıdır. Məsələn, gəmiçilik, su sektoru, sahilyanı ərazilərin idarə olunması, turizm və rekreasiya sektorları var. Adını qeyd etdiyim sektorlarda neqativ dəyişmələrin olacağı gözlənilir. Hər bir sektor üzrə geniş proqramlar tərtib olunmalıdır".

Sadiq Cavadov