Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətəndaşları öz prezidentlərini və millət vəkillərini seçəcəklər. Bu seçki son 100 ilin ən vacib seçimlərindən hesab olunur. Eyni zamanda qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, mövzu ilə bağlı deputat Vüqar Bayramov danışıb. O, bildirib ki, Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir:

 

 

“Son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.

Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. 

Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətlidir. İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək”.