Logo

Türkiyə lirəsinin ucuzlaşması Azərbaycana necə təsir edəcək?


Türkiyə lirəsinin tarixi antirekordu həm geosiyasi, həm iqtisadi motivlərlə birbaşa bağlıdır. Lirənin eniş trayektoriyasının qısa tarixinə nəzər salsaq, monetar siyasətdə adminstrativ addımların izini görə bilərik. İnflyasiya, yüksək kredit faizi və sair amillər nəzərə alınaraq birbaşa uçot faiz dərəcəsinin aşağı salınmasına yönələn addımlar Mərkəzi Bankın müstəqil qərar vermədiyi göstərdi və  burada ardıcıl 4 sədr dəyişdi. Bu kimi ilkin amillər güvən amilini aşağı saldı. Lirə hazırda ən minimum səviyyəsini yaşayır. Belə ki, Türk lirəsi oktyabrın 11-də Bakı vaxtı ilə saat 19:00-da dollar 9,08 TL olub.

Belə bir vəziyyət niyə yarandı?

Lirənin hazırki antirekordunun görünən mövcud səbəbləri içərisində siyasi kontur əhəmiyyətli rola malikdir. Mənzərə xatırlamağa çalışaq: Rəcəb Tayyib Ərdoğan Suriya ərazisindən Türkiyə torpaqlarının atəşə tutulması faktını şərh edərək, son hadisələrin səbr kasasını daşırdığını bəyan edib. Prezident Suriyadakı terrorçulara münasibətdə daha dözümün qalmadığını və lazımi addımların atılacağını bildirib. Bundan sonra siyasi təzyiqlər Türkiyə valyutasına da təsir edib. Digər səbəbləri qruplaşdırsaq, punktlara ayıra bilərik. Lirənin ucuzlaşmasına təsir edən digər amillər bunlardır:

•           Mərkəzi Bankının milli valyutanın faiz dərəcəsini azaltması;

•           Dolların dünya bazarlarında möhkəmlənmə prosesi;

•           Qlobal enerji qiymətlərinin bahalaşması.

Türkiyənin valyutasının ucuzlaşması Mərkəzi Bank sədrlərinin ardıcıl olaraq vəzifədən azad edilməsilə başladı. Çünki hökumətin faiz qərarı ilə Mərkəzi Bankın addımları uyğunuq təşkil etmirdi. Lakin son ayda ucuzlaşma daha sürətlənib. Təkcə onu əlavə edək ki, son bir ayda lirə manata nisbətdə 5,7% dəyər itirib. Əsas səbəblərdən biri Türkiyə Prezidentinin faizə nəticə kimi deyil, (inflyasiya, yüksək kredit faizi və sair amillərin) səbəbi kimi yanaşmasıdır. Son nəticədə isə nə inflyasiyanı boğa, nə də türk lirəsinin ABŞ dolları qarşısında dəyər itirməsinin qarşısını ala bildi.

Lirənin ucuzlaşması Azərbaycana necə təsir edə bilər?

Azərbaycanın ən böyük investisiyası Türkiyədədir. Bundan başqa, Türkiyə Azərbaycanın ən böyük ikinci ticarət rəfədaşı olmaqla yanaşı, həmçinin strateji tərəfdaşıdır. Azərbaycan ən çox qazı məhz Türkiyəyə satır. Bundan başqa qeyri-neft sənaye məhsullarımızın ən böyük ikinci ixrac coğrafiyası türkiyə hesab edilir. Həmçinin mövcud yaxınlıq münasibətləri pandemiya dönəmində onlayn məhsul alışını türkiyədən daha səmərəli hala gətirib. Türkiyə mənzil statistikasına nəzər salsaq, son 5 ildə Türkiyədə azərbaycanlıların mənzil alışının böyük həcmdə artdığını da görə bilərik. Bu baxımdan, ucuz lirə Azərbaycan üçün idxalın artması deməkdir. Ən önəmli məsələ isə mövcud yerli istehsalın olmaması türkiyə məhsullarına tələbatı artırır və ölkədən valyuta axını riski yaradır. Bundan başqa ucuz lirə Türkiyədə ucuz əmlak mənasına da gəlir. Bütün bu amillər iqtisadiyyatla bağlı məsələlərin nə qədər incə olduğunu göstərir. Buradan çıxarılan digər əsas nəticə isə budur ki, Mərkəzi Bankın faizi inflyasiyaya, kreditlərin faizlərinin yüksək olmasına səbəb deyildir, nəticədir. Kredit faizlərinin yüksək olmasına səbəb olan əsas mənfi amilləri düzgün audit etmədən birbaşa faizlərin özünü aşağı salmağa çalışmaq iqtisadi qanunauyğunluqlara və bazara qarşı çıxmaq deməkdir. Bazarın isə öz qanunları, öz gerçəklikləri var, administrativ metodları sevmir və həmin metodlar sonradan daha böyük zərərlə geri dönür.fins.az

2021-10-14 11:57:00 1390
Teqlər: