“Ünvanlı sosial yardımda artım olacağı proqnozlaşdırılırdı. Gözlənilir ki, ehtiyac meyarında artımlar müşahidə olunduqca, növbəti dövrlərdə sosial yardımın məbləği də artacaq”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O, həmçinin əlavə edib:

“Nəzərə alaq ki, bu il ilk dəfə olaraq ehtiyac meyarı ilə yaşayış minimumu bərabərləşdirildi. Ehtiyac meyarı 246 manat olaraq müəyyənləşdirildi. Ehtiyac meyarının artması nəticəsində, ünvanlı sosial yardım proqramında ödənilən vəsaitin həcmi artdı. Bu baxımdan, ehtiyac meyarında artımların müşahidə olunması ünvanlı sosial yardım alan vətəndaşlarımızın daha çox yardım almasına səbəb olacaq”.

 

 

Vüqar Bayramov həmçinin qeyd edib ki, ünvanlı sosial yardım ehtiyacı olan ailələr üçün vacib proqramdır. Buna görə də, ümumi sosial yardımdakı artımlar bu ailələrin sosial təminatının gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumatlara əsasən, 2023-cü ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 42,0% artıb. Ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 298,8 manat idisə, cari ilin mart ayında bu məbləğ artaraq 424,3 manat təşkil edib.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az