Ukraynanın Donetsk vilayətində yerləşən Soledar şəhəri uğrunda şiddətli döyüşlər davam edir.

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin şəhərin, demək olar ki, tam ələ keçirildiyini, ancaq şəhərdə qalan ukraynalı hərbçilərin ətrafa səpələndiyini və mərkəzdə döyüşlərin davam etdiyini bildirib.

Rəsmi Ukrayna Rusiyanın irəlilədiyini təsdiqləyib. Dünən axşam Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərin davam etdiyini, Ukrayna Baş Qərargahı isə rusların hücum zamanı ciddi itkilər verdiyini bildirib. Müdafiə nazirinin müavini Anna Malyar isə deyib ki, ruslar öz cəsədləri üzərində hərəkət edirlər.

Ukraynanın şərq hərbi komandanlığının sözçüsü Sergey Çerevatyi yerli televiziyayaa bildirib ki, Soledarda davamlı atışma gedir: “Düşmən təşəbbüsü ələ almağa və hücuma keçməyə çalışır. Lakin onlar bizim müdafiəmizi yarıb keçə bilmirlər”.

Hələlik rəsmi Moskva şəhərin tam ələ keçirildiyini təsdiqləməyib. Rusiyanın bu istiqamətdə üstünlüyü müşahidə olunur, gec-tez şəhərin tam işğalının başa çatacağı gözlənilir.