SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun Fins.az-a verdiyi məlumata görə, hazırda SOCAR dünyanın aparıcı 3 reytinq şirkətləri olan Moody’s, Fitch və Standard and Poor’s ilə əməkdaşlıq edir. SOCAR daim öz iqtisadi və texniki göstəricilərə nəzarət edir və reytinq şirkətlərini mütəmadi və birbaşa məlumatlandırır. Bununla yanaşı, SOCAR hər il ictimaiyyət üçün açıq olan korporativ maliyyə hesabatını açıqlayır. SOCAR-ın maliyyə hesabatı dünyanın aparıcı audit şirkətlərindən biri olan Ernst&Young şirkəti tərəfindən yoxlanıldıqdan sonra SOCAR-ın rəsmi vebsaytında dərc edilir. Bununla həm ictimaiyyətə qarşı, həm də maliyyə agentliklərinə qarşı şəffaflıq təmin olunur.

Hal-hazırda SOCAR-ın beynəlxalq maliyyə reytinqləri aşağıdakı kimidir:

  • Fitch: BB+/Stabil;
  • Moody’s: Ba2/Stabil;
  • S&P: BB-/Stabil.

Maliyyə reytinqlərimizin yüksək olması şirkətin həyata keçirdiyi strateji inkişaf strategiyası və dünya miqyasında bütün dəyər zənciri üzrə reallaşdırdığı əməliyyatların dayanıqlığı ilə əlaqəli ola bilər. Digər tərəfdən əsas səbəblərdən biri kimi ölkəmizin suveren reytinqinin yüksək olmasını göstərmək olar, çünki Azərbaycan dövləti SOCAR-ın birbaşa sahibidir və şirkətin əməliyyatları ilə bağlı daim dəstəkləyici mövqedən çıxış edib.