Bu gün “Admedia” Reklam Agentliyinin təşkilatçılığı vasitəsilə şəhid anaları ilə görüş keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, görüşdə şirkətin baş direktoru Sabit Məmmədov və digər nümayəndələri, o cümlədən şəhid anaları iştirak ediblər. 

Öncəliklə təşkilatçı şirkətin rəhbəri Sabit Məmmədov şəhid anaları ilə ilk tanışlığından danışıb:

“Biz dostlarla demək olar ki, tez-tez Şəhidlər Xiyabanına gedib, ziyarət edirik. Sonuncu dəfə gedəndə baxdıq ki, dörd nəfər şəhid anası qızmar günəşin altında, övladlarının məzarının yanında dayanıblar. Dərdlərinə şərik olmaq üçün onlara yaxınlaşdıq. Onlar bildirdilər ki, övladları şəhidlik zirvəsinə ucaldıqları gündən bu vaxtadək mütəmadi ziyarətə gəlirlər. Nə isti, nə soyuq analar üçün manedir. O gündən etibarən biz həmin analarla görüşüb, onlara dəstək olmağa qərar verdik. Bu görüşlər bu günlə kifayətlənməyəcək. Biz hər zaman bizə yeni həyat, nəfəs verən qəhrəmanlarımızın analarına oğulları qədər yaxın olmağa çalışacağıq”. 

Xalqımıza qələbə sevincini bəxş edən igidlərin valideynləri də öz növbələrində şəhid övladlarının qısa ömür yollarından danışıblar.

Döyüşdə xüsusi rəşadət göstərmiş qəhrəmanlardan olan şəhid Fərid İlyasovun atası İbad İlyasov deyir ki, Fəridin ən böyük arzusu anasına işğal altında olan Laçın rayonundan bir ovuc Vətən torpağı gətirmək idi:

“Fərid bu arzunu reallaşdırmaq və torpağının müdafiəsinə qalxmaq üçün ailəsinə belə demədən, könüllü olaraq müharibəyə getdi. Tək Şuşa uğrunda gedən döyüşlərdə bir saat ərzində 28-dən çox ermənini məhv etdi”.

Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparılan Fərid İlyasov oktyabrın 30-da şəhidlik zirvəsinə ucalıb.

Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" , "Hərbi xidmətdə fərqlənməyə görə" , "Şuşanın azad edilməsinə görə" və "İgirdliyə görə" orden və medalları ilə təltif olunub.

Vətən Müharibəsinin digər qəhrəmanı da Dövlət Sərhəd  Xidmətinin Çevik Hərəkət Dəstəsində müxtəlif vəzifələrdə xidmət etmiş şəhid Elçin Əzizovdur. Şəhidimizlə bağlı xatirələrini bölüşən ailə üzvləri Elçinin Vətən sevgisindən söz açıblar. Onun yaxınları deyirlər ki, Elçini Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi işə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəbul etmişdi:

“Elçin müəllim qardaşımın onun rəhbərliyi altında xidmət etməsini istəmişdi. Hətta onların maraqlı dialoqu da olmuşdu. Elçin xaraktercə nəsildə hamıdan fərqli olub. Hər kəs onu deyib-gülən, zarafatcıl, yardımsevər kimi xatırlayır. O, dəfələrlə imkansız ailədən olan əsgərlərə, aztəminatlı şəxslərə imkanı olduqca yardımlar da edirdi. Elçin çox mərd adam idi”.

Baş leytenant Əzizov Elçin Əvəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "Hərbi xidmətlərə görə" medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Torpaqlarımızın işğaldan azad olunması üçün müharibədə iştirak edən şəhid Murad Nağıyev də düşmənin strateji hədəflərini sıradan çıxararaq, onlarla canlı qüvvəni məhv edib. Şəhidimizin anası Xavər Məmmədli bildirir ki, Murad müharibədə imkan tapdıqca ona zəng edib, hər şeyin yaxşı olduğunu deyirdi:

“Mənimlə həmişə gülə-gülə danışırdı. Deyirdi ki, ana, heç nədən narahat olma, düşmənə qan uddururuq. Mən oğlumla fəxr edirəm. O, Vətən uğurunda vəzifə borcunu şərəflə yerinə yetirdi”. 

Leytenant hərbi rütbəsində Tank Taborunun Tağım Komandiri olaraq xidmət edən Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Aprel döyüşlərində də iştirak edən Azərbaycan Ordusunun kapitanı Həmidağa Hüseynzadə isə Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Ailəsi Həmidağa haqqında danışaraq, onun milli ruhda, qorxmaz, Vətənə bağlı böyüdüyünü bildirib:

“Həmidağa torpağına, elinə-obasına düşkün idi. Ona görə də 2008-2012- ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil aldı. O, Aprel döyüşlərində də rəşadət göstərmişdi. Oğlum hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyini, mərdliyini hər kəsə  nümayiş etdirdi”.

Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.

O, Prezident İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni,  ölümündən sonra  "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.