Bu gün planetdə iqlim dəyişikliyi dünyada müzakirə olunan prioritet məsələlərdən biridir. Dünyanı narahat edən bu qlobal problemin təsirlərinin qarşısının alınması ilə bağlı ölkələr tərəfindən profilaktik tədbirlər həyata keçirilir. Bir tərəfdə anomal istilərin, quraqlığın, buzlaqların əriməsinin, səhralaşmanın, digər tərəfdə isə sel və daşqınların, qar uçqunlarının, tufan və qasırğaların hökm sürməsi iqlim dəyişikliyinin göstəricisidir. Təbii ki, qlobal iqlim dəyişikliyi Azərbaycana da təsirsiz ötüşməyib.

İqtisadiyyat.az rəsmi statistik məlumata əsasən xəbər verir ki, son 100 ildə ölkəmizin ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Məhz iqlim dəyişmələri fonunda ölkəmizin ayrı-ayrı ərazilərində sel, daşqın, külək, tufan, qasırğa, istilik, quraqlıq, şoranlaşma, səhralaşma və s. kimi müxtəlif təbiət hadisələrinin baş verdiyini müşahidə olunur.

Eyni zamanda, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi də iqlim dəyişikliyinin fəsadlarındandır. Bundan əlavə, bütün dünyada olduğu kimi ölkəmizdə də yağıntıların və su ehtiyatlarının azalması müşahidə edilir. Mütəxəssislər su ehtiyatlarının azalmasını gələcək üçün ciddi həyəcan olduğunu söyləyirlər.

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupu mütəmadi olaraq dünyada iqlim dəyişikliyi ilə bağlı qiymətləndirmələr aparır. Qrupun hesabatına əsasən, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların (karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor) birləşmə konsentrasiyasının çoxalması ilə əlaqəlidir.

Beləliklə, qlobal temperatur ardıcıl olaraq artmaqda davam edir. Səth istiliyinin artması dəniz səviyyəsinə təsir göstərir, buzlaqların azalması və hava ilə bağlı fəlakətlərin güclənməsi kimi bir sıra fəsadlara səbəb olur.

İqlim dəyişikliyi miqyasına və əhatə dairəsinə görə son illərdə bütün dünyada geniş yayılmış mövzuya çevrilib. İnsan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyalarının artması bütün dünyada hava şəraitini dəyişərək, qasırğalar, quraqlıq, həddindən artıq yağış və qeyri-müntəzəm temperatur kimi ekstremal təbiət hadisələrinə səbəb olub. Narahatlıq doğuran əsas məqam odur ki, bu cür hadisələrin tezliyi və intensivliyi artır, yekunda ağır nəticələrə gətirib çıxarır.

1970-ci ildən bəri iqlim fəlakətlərindən iqtisadi itkilər davamlı olaraq artıb. Bu, 2010-2019-cu illər arasında ən yüksək səviyyəyə - təxminən 1,3 trilyon ABŞ dollarına çatıb. Bu da əvvəlki onillikdən 400 milyard dollar çoxdur.

1970-2019-cu illərdə qlobal iqlim fəlakətlərinin iqtisadi itkisi nə qədər olub?

 

İllər

Məbləğ

1970-1979

174,5 milyard dollar

1980-1989

289,3 milyard dollar

1900-1999

852,3 milyard dollar

2000-2009

942 milyard dollar

2010-2019

1,3 trilyon dollar

 

2023-cü ildə dünyada ən çox iqtisadi ziyana səbəb olan təbii fəlakət Türkiyə və Suriyada baş verən zəlzələlər olub. Nəticədə iqtisadiyyata 34 milyard dollar ziyan dəyib. İkinci ən böyük fəlakət Yaponiyada 25 milyard dollarlıq ziyana səbəb olan “Doksuri” tropik qasırğası olub.

Araşdırmalara görə, 2023-cü ildə dünyada ən çox iqtisadi ziyana səbəb olan təbii fəlakətlər bunlardır:

 

Fəlakət

İqtisadi zərəri

Zəlzələ - Türkiyə

34 milyard dollar

Doksuri qasırğası - Yaponiya

25 milyard dollar

Quraqlıq - ABŞ

14,5 milyard dollar

Otis qasırğası - Meksika

12 milyard dollar

Daşqın - İtaliya

9,8 milyard dollar

 

Gözəl Həşimova