Azərbaycanda 3, 4 və 5 ulduzlu hotellərdə bahalaşma müşahidə olunur. Buna səbəb isə yay aylarında hotellərə tələbatın artması göstərilir. Belə ki, yay mövsümündə ənənəvi olaraq turizm sektorunda baş verən canlanma qiymətlərə təsirsiz ötüşməyib. 

Turizm üzrə ekspert Əziz Şiriyev İqtisadiyyat.az-a açıqlamasında hotellərin bahalaşmasının səbəblərindən danışıb.

O bildirib ki, yay ayları olduğundan insanların istirahətə daha çox tələbatı artır və onlar regionlara səfər edirlər. Bu da avtomatik olaraq qiymətlərdə artımlara səbəb olur: “İqtisadiyyatın tələb və təklif kimi qızıl qanunu var. Tələbatın çox olması qiymətlərin qalxmasına səbəb olur. Sentyabr ayından isə qiymətlər aşağı düşəcək. Təsəvvür edin ki, bugünlərdə istirahət məqsədilə Nabrana böyük bir axın yaranıb. Amma sentyabrda Nabrana gedən olacaqmı? Əlbəttə ki, yox. Bundan əlavə, dənizkənarı hotellər (Novxanı, Pirşağı, Mərdəkan, Buzovna, Bilgəh və s.) üzrə səfərlər sentyabrdan azalır. Yəni sezon və tələbatdan asılı olaraq qiymətlər dəyişir”.

Bəzi hotellərdə qiymətlərin 4 sezona bölünərək dəyişdiyini deyən ekspert bildirib ki, bu, sanatoriyalarda da belədir: “Naftalan, Naxçıvanın Duzdağı – hər yerdə qiymətlər sezon üzrə dəyişir. Məsələn, bir həftəlik paket bir nəfərə adi vaxtda 500 manata başa gəlirsə, sezonda 800-900 manata qədər qalxır. Bu da normaldır. Yəni tələbata uyğun dəyişir. Müştəri, turist az olan vaxtlarda əksər hotellər 5 gecə qalana 2 gecə, yaxud da 2 gecə qalana bir gecə hədiyyə edir. Bunlar hotelin marketinq strategiyasıdır. Əgər bu gün tələbat çoxdursa, hoteldə yer yoxdursa, doluluq səviyyəsi yüksəkdirsə, hotel niyə endirim etsin? Əksinə, qiyməti qaldıracaq”.

Ə.Şiriyev bölgələr üzrə ən çox tələbatın olduğu hotellərdən də danışıb. Onun sözlərinə görə, hazırda daha çox şimal bölgələrinə üz tutulur: “Bu il maraq daha çox şimal və şimal-qərb bölgələrinədir. Quba, Qusar, Nabran istiqamətinə daha çox turlar təşkil olunur. Çünki cənuba nisbətən şimal bölgələrində meşəlik və sərinlik daha çoxdur. Bu xüsusda, həmin bölgələr üzrə ən çox gedilən yerlərdən “Quba Palace”, “Nazlı Bulaq”, “Cənnət Bağı”, “Macara Lake Park”ı qeyd edə bilərik”.

 

Sadiq Cavadov