Son illər Azərbaycanın beynəlxalq nüfuzu artmaqda davam edir. Xüsusən, Vətən müharibəsi dövründə Azərbaycan dövlətinin qüdrəti bütün dünyaya bir daha nümayiş olundu. Azərbaycanın uzun illərdən qalmış problemini döyüş meydanında təkbaşına həll etməsi dünyanın nəzər nöqtəsinə çevrildi. Təbii ki, bütün bunlar ölkənin ali rəhbərliyinin yürütdüyü daxili və xarici siyasətin uğurlu nəticəsidir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaşa, dünya dövlətlərinin çoxşaxəli əməkdaşlıqlarda maraq göstərdiyi bir ölkəyə çevrilib. Artıq dünya Azərbaycanın yaratdığı yeni reallıqlarla barışıb və Azərbaycan dövləti ilə hesablaşmağa məcbur ediliblər. Bundan əlavə, beynəlxalq tədbirlərə Bakının ev sahibliyi etməsi Azərbaycanın dünyada - mühüm təşkilatlar daxilində nüfuzunun artdığının göstəricisidir.

Siyasi şərhçi Asif Nərimanlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyasını bir neçə konteksdə dəyərləndirmək olar.

Onun sözlərinə görə, buraya həm beynəlxalq təşkilatlarla qurulan əlaqələr və fəaliyyət, həm dünyanın müxtəlif ölkələri ilə qurulan ikitərəfli əlaqələr, həm də regiondakı ölkələrlə qurulan əlaqələr daxildir. Politoloq deyir ki, bu konteksdən baxdıqda Azərbaycan bütöv bir dünyada həm beynəlxalq təşkilatlar, həm müxtəlif dünya ölkələri, həm də region ölkələri ilə sıx əməkdaşlıq edir:

"Bu əməkdaşlıqda Azərbaycanın əsas prinsipi mehriban münasibətlər və bərabərhüquqlu əlaqələrin qurulmasıdır. Azərbaycan heç vaxt hər hansı bir qütbdə yer almaqla hansısa bir ölkənin, yaxud da hansısa bir gücün diqtəsi ilə razılaşmır. Yalnız miqyasından, gücündən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu, ikitərəfli əməkdaşlıq prinsipinə söykənir. Bu, Azərbaycanın ən böyük üstünlüklərindən biridir. Müstəqillik qazandıqdan sonra, xüsusən 1993-cü ildən sonrakı dövrə baxdıqda ortaya çıxan nəticə budur ki, Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq prinsipi həmişə müsbət nəticə verib. Bu, Azərbaycanın həm dünyadakı nüfuzunun artmasında, həm də milli maraqlarının təmin edilməsində başlıca səbəblərdən biri olub. Müstəqillik dövründən sonra ilk olaraq Azərbaycan dünyanın ən ali orqanı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olub. Həmçinin təşkilatda aktiv fəaliyyət göstərib və onun qeyri-daimi üzvü olan ölkələrdən biri olub. SSRİ dağıldıqdan sonra qurulan dünya nizamında, yeni bir sistemdə hər ölkə buna nail ola bilmir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətinə baxdıqda bunu onun ən böyük uğurlarından biri kimi dəyərləndirə bilərik. Azərbaycan, həmçinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu şuraya müəyyən müddət sədrlik də edib. Həmin sədrliyi dövründə Azərbaycanın təkcə öz maraqlarını yox, həm də qlobal müstəvidə dünya birliyinin maraqlarını müdafiə etdiyini və buna nail olduğunu görürük. Bundan əlavə, Azərbaycanın Avropa İttifaqı ilə də sıx əlaqələri qurulub. Beynəlxalq təşkilatlara baxdıqda Avropa İttifaqına daxil olan sturukturlarla - Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digərləri ilə Azərbaycana qarşı haqsızlıqlar edilsə belə, bu təşkilatlarda ölkəmiz uğurla fəaliyyət göstərib. Təbii ki, bu təşkilatlarda təmsil olunmaq hər bir ölkənin öz maraqlarını müdafiə etmək məqsədi daşıyır. Amma Azərbaycan özü ilə yanaşı, Avropa ailəsinin də maraqlarını nəzərə alıb. Qarabağ münaqişəsinin mövcud olduğu dövrlərdə ATƏT-in Minsk qrupu bu problemin həlli ilə bağlı heç bir iş görməsinə baxmayaraq, Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) fəaliyyətində həmişə beynəlxalq birlik, təhlükəsizlik və hüququn qorunmasını başlıca prinsip kimi nəzərə alıb".

A.Nərimanlı vurğulayıb ki, beynəlxalq təşkilatlarda Azərbaycanın ən böyük uğurlarından biri Qoşulmama Hərəkatındakı fəaliyyətidir. Onun sözlərinə görə, Azərbaycanın buradakı sədrliyi dövründə bu təşkilat beynəlxalq nüfuzunu kifayət qədər artırıb: "Bu təşkilatda təmsil olunan ölkələrin maraqları istiqamətində həyata keçirilən doğru strategiyaya görə Azərbaycanın sədrliyi müddətinin uzadılması üçün həmin təşkilatın öz ölkələri yenidən rəsmi Bakıya müraciət etdilər. Azərbaycan 3 il ərazində bu təşkilata rəhbərlik edib və həmin illər ərzində Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə nüfuzu artıb, həlledici təşkilatlardan birinə çevrilib. Bununla yanaşı, Azərbaycan həm də bəşəri dəyərlər üçün çalışıb. Bunlardan biri pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi strategiya idi. Belə ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının adından pandemiyaya qarşı mübarizədə irəli sürülən məsələlər BMT səviyyəsində müzakirəyə çıxarıldı. Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə vaksinlərin ədalətli bölünməsi prinsipini irəli sürdü və buna nail oldu". 

Siyasi şərhçi söyləyib ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi dövründə ən böyük uğurlarından biri də iki qütb – Şərq və Qərb cəbhəsi arasında körpü rolunu oynaması, ortaq bir mövqe tapması olub: "İlk dəfə olaraq Avropa İttifaqının nümayəndəsi Qoşulmama Hərəkatının iclaslarında iştirak edib. Bu, “Soyuq müharibə”dən sonra dünyanın ümumi bəlaya qarşı birgə mübarizə aparması məsələsində ilk mühüm addımlardan biridir ki, buna da məhz Azərbaycan nail oldu. Azərbaycanın Qoşulmama Hərəkatında digər uğurularından biri kimi müstəmləkəçiliyə, kolonizm siaysətinə qarşı Bakı prosesinin başlamasını qeyd etmək olar. Bu, ümumiyyətlə “Soyuq müharibə”dən sonrakı dünya siyasətində, həmçinin yeni dünyanın nizamının qurulması prosesində qlobal bir addımdır. Burada Azərbaycan əsas lokomotiv rolunu oynayan ölkələrdəndir". 

Politoloq Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) fəaliyyətindən də danışıb. O bildirib ki, Azərbaycanın TDT-dəki fəaliyyətində əsas müamiləsindən biri isə türk dövlətlərinin münasibətlərinin daha da inkişaf etdirilərək bu birliyin güclənməsinə zəmin yaratmaq olub: "Həm coğrafi, həm də siyasi baxımdan Azərbaycan Türkiyə ilə yanaşı bu birliyin güclənməsində böyük rol oynayır.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) fəaliyyətinə də baxdıqda mühüm nəticələrin əldə edildiyini görürük. Yəni İslam həmrəyliyinə nail olunmasından tutmuş İslam ölkələri arasındakı qarşıdurmalara son qoyulması, İslam dünyasının maraqlarına uyğun məsələlərin gündəmə gətirilməsinə qədər - bütün bunların hamısında Azərbaycanın mühüm rolu olub. Beynəlxalq təşkilatlarda eyni strategiya, eyni xətt bu gün də davam edir".

A.Nərimanlı Azərbaycanın istər dünya, istərsə də region ölkələri ilə əməkdaşlığını uğurla davam etdirdiyini vurğulayıb. O söyləyib ki, bu gün Azərbaycan Amerika başda olmaqla bütün qərb ölkələri ilə sıx əməkdaşlıq edir, bərabərhüquqlu münasibətlərə söykənən əməkdaşlıq qurur: "Bu gün eyni məsələni biz Çinlə də münasibətlərə aid edə bilərik. Yəni Azərbaycan heç vaxt mübarizə aparan iki qütb arasında hansısa cəbhənin tərəfində olmayıb. Bununla yanaşı, Azərbaycanın həyata keçirdiyi siyasət böyük gücləri məcbur edir ki, Azərbaycanın maraqlarını də nəzərə alsınlar. Artıq müharibələrdən sonra  yeni dünya nizamı qurulur. Beynəlxalq təhlükəsizlik sistemi çöküb. Regional platformalar, o cümlədən beynəlxalq çevrədə yeni cəbhələr formalaşır. Xüsusən çoxqütblü dünyanın formalaşması istiqamətində həyata keçirilən proseslər göstərir ki, artıq bir yox, birdən çox qütb yaranır. Ən mühüm amil odur ki, hər bir qütb Azərbaycanla əməkdaşlıqda xüsusilə maraqlıdır. Bu gün həm Amerika, həm də Avropa İttifaqı ölkələrinin, hətta NATO-nun özünün belə Azərbaycanla ikitərəfli əməkdaşlığı davam edir".

Siyasi şərhçi eyni zamanda şərqdə yeni platformaların yaradıldığını xatırladaraq bu xüsusda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətindən də söz açıb. Onun sözlərinə görə, bu təşkilat çərçivəsində artıq Avrasiyanın təhlükəsizliyi ilə bağlı yeni sistemlərin formalaşması müzakirə edilir: "Bu, əslində çoxqütblü dünyanın yaradılması istiqamətində ən mühüm mərhələlərdən biri hesab edilir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan əsas ölkələrdən biri kimi qəbul edildi. Azərbaycan Prezidenti İlham Əliyevin orada keçirdiyi görüşlərə baxdıqda biz ölkəmizin dünyanın bu hissəsində də böyük nüfuza malik olduğunu görürük. Dediyim kimi, böyük güclər də daxil olmaqla əsas ölkələr çalışırlar ki, Azərbaycanla daha yaxşı, daha sıx münasibətlər qurulsun. Təbii ki, hər bir tərəf qlobal mübarizədə Azərbaycanı öz yanında görmək istəyir. Lakin Azərbaycan üçün əsas məsələ hər hansı bir tərəfin yanında iştirak etmədən öz maraqlarının müdafiəsinə nail olmaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xətlərindən biri də Azərbaycanı heç bir mübarizə platformasına çevirmədən öz maraqlarımızın təmin edilməsinə nail olmaqdır. Bu strategiya həmişə müsbət nəticə verib". 

A.Nərimanlı bildirib ki, Azərbaycan qlobal müstəvi ilə yanaşı, regional əməkdaşlığa da böyük üstünlük verir: "Bu gün regionda müxtəlif formatlar mövcuddur. Məsələn, Rusiya-Türkiyə-Azərbaycan, Azərbaycan-Gürcüstan-Türkiyə, İran-Rusiya-Azərbaycan, İran-Türkiyə-Azərbaycan formatlarını qeyd edə bilərik. Bu regional ölkələrin həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığının əsas təşəbbüskarı məhz Azərbaycan olub. Bununla yanaşı, regionda “3+3” formatı da gündəmdədir. Qarabağ münaqişəsindən sonra Ermənistan da daxil olmaqla 6 ölkənin eyni formatda birləşməsi regionun problemlərinin regionda həll edilməsi prinsipinə söykənən bu formatın əsas təşəbbüskarlarından biri Azərbaycan olub. Bu istiqamətdə artıq müəyyən addımlar atılaraq xarici işlər nazirləri səviyyəsində görüşlər baş tutub. Bəllidir ki, qarşıdakı dövrdə bu, daha da aktivləşəcək. Rəsmi Bakı Azərbaycanın həm regional, həm də qlobal səviyyədə müəyyən əməkdaşlıqları yanaşı, bu gün uzaq qitələr siyasətini də uğurla həyata keçirməkdədir. İstər Latın Amerikası, istərsə də Afrika ölkələri ilə qurulan əlaqələrə baxdıqda biz bunu açıq şəkildə görürük. Uzaq qitələr siyasəti Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsas tərkib hissələrindən biridir. Təsadüfi deyil ki, Afrikada müstəmləkəçiliyə qarşı aparılan mübarizədə bu ölkələrin xalqları Azərbaycanı ümid yeri kimi görür. Çünki Azərbaycan etibarlı tərəfdaşdır və bunu öz uğurlu xarici siyasəti ilə də göstərib. Azərbaycanın dünya birliyinə inteqrasiyasını, beynəlxalq təşkilatlardakı fəaliyyətini, regional mustəvidə ikitərəfli və üçtərəfli formatlarda qurduğu əməkdaşlığa, dünyada böyük güclərin Azərbaycana maraqlarına və uzaq qitələr siyasətinə nəzər yetirdikdə görürük ki, Azərbaycan bu gün qlobal siyasətdə kiçik ölkə olmasına baxmayaraq ən aparıcı və bir çox hallarda həlledici rol oyana bilən bir gücə çevrilib. Məsələ təkcə coğrafi, ərazi baxımdan böyük və yaxud da əhalisinin sayının çox olması deyil, əsas məsələ həyata keçirilən siyasətdir və buna Azərbaycan nail olub".

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Sadiq Cavadov