Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye məhsullarının dəyəri 1341,9 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövründəki müvafiq göstəricini 24% üstələyir.

İqtisadiyyat.az a bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan  məlumat verilib.

Sənaye üzrə ixracda birinci yeri kimya sənayesi məhsulları (azot gübrəsi, metanol və s.) tutur ki, bu kateqoriya üzrə cari ilin ilk doqquz ayında 299,4 mln. dollar dəyərində məhsul ixrac edilib.

İxracda ikinci yeri plastmas və ondan hazırlanan məmulatlar tutur. Hesabat dövründə bu məhsullar üzrə ixracın dəyəri 293,9 mln. dollar olub. Ölkənin sənaye ixracı üzrə üçüncü yerdə qərarlaşan alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 158,8 mln. dollar təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan digər ölkələrə 128,4 mln. dollar dəyərində qızıl, 103,5 mln. dollar dəyərində qara metallar və ondan hazırlanan məmulatlar, 29,9 mln. dollar dəyərində mis və ondan hazırlanan məmulatlar, 23,9 mln. dollar dəyərində sement, 13,8 mln. dollar dəyərində şüşə və ondan hazırlanan məmulatlar tədarük edilib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı və emalı məhsullarının dəyəri 774,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövründəki müvafiq göstəricini 7% üstələyir.

Aqrar sektor üzrə ixracda birinci yeri pambıq lifi tutur ki, bu kateqoriya üzrə cari ilin ilk doqquz ayında 149,1 mln. dollar dəyərində məhsul ixrac edilib.

İxracda ikinci yerdə pomidordur ki, hesabat dövründə bu məhsul üzrə ixracın dəyəri 131,8 mln. dollar olub. Üçüncü yerdə qərarlaşan fındıq məhsulunun ixrac dəyəri isə 158,8 mln. dollar təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan digər ölkələrə 38,7 mln. dollarlıq albalı və gilas, 34,8 mln. dollarlıq kartof, 31,8 mln. dollarlıq şaftalı və nektarinlər, 30,6 mln. dollarlıq xurma, 28,6 mln. dollarlıq iplik, 25,6 mln. dollarlıq alma, 18,7 mln. dollarlıq şəkər, 17,2 mln. dollarlıq çiyələk, 14,9 mln. dollarlıq tütün tədarük edilib