"Qanlı göl" ətrafında yeni bulvar ərazisi salınacaq.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən Qanlı Göl ərazisi üzrə təqdim olunan layihələrin qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib. Tədbirdə agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Qanlı Göl ətrafında həyata keçiriləcək layihənin ətraf mühitə təsirləri barədə məlumat verib. O bildirib ki, burada tullantıların idarə olunması, texniki və içməli suya qənaət edilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

“Kristal Abşeron” tərəfindən irəli sürülən və icrası həyata keçirləcək layihə haqqında şirkətin direktoru İbrahim Dostumalıyev qeyd edib ki, böyük həcmdə yaşıllıqları əhatə edəcək yaşayış kompleksinin tərkibində 6 hektarlıq “Şamlıq park” və Qanlı göl təmizləndikdən sonra 32 hektarlıq su hövzəsi ətrafı bulvar tikiləcək. 

Gölün adının dəyişdirilərək, ona “Canlı göl", “Yaşıl göl” və ya “Şamlı göl” kimi yeni adların verilməsi də təklif olunub.