Son illərdə Bakıda skuterlərdən istifadə edənlərin sayı artıb. Xüsusən dənizkanarı bulvar ərazisində insanların hərəkət etdiyi istiqamətlərdə skuterlərdən istifadə edilir ki, bu da bəzi hallarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Bəs skuterlərlə bağlı hər hansı məhdudiyyət və qadağalar ola bilərmi?

Məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, skuterlərlə bağlı bizim qanunvericilikdə boşluq var. Çünki skuterlər həyatımıza daxil olan yeni bir nəqliyyat növüdür və bütün yeniliklər hər zaman özü ilə problemlər də gətirir:

“Bu problemlərdən biri odur ki, skuterlərin idarə edilməsi ilə bağlı konkret qaydalar, çərçivələr müəyyənləşdirilməyib - hansı yaşda bu nəqliyyat vasitəsindən istifadə edilə bilər, hansı halda ümumi yola çıxmaq olar və s. Məsələn, velosipedlə bağlı bu qayda var ki, 14 yaşından aşağı şəxslər ümumi yola çıxa bilməzlər.       

Ümumi olaraq, düşünürəm ki, skuterlərdir, velosipedçilərdir, moped sürücüləridir, bunlarla bağlı daha təkmil qayda-qanunlara ehtiyac var. Skuterlərlə bağlı məhdudiyyətlərin olması doğru olmaz, sadəcə istifadəsi ilə bağlı qanunlar olmalıdır və bu qanunlar təbliğ edilməlidir. Qaydaları yazıb arxivdə saxlamaq lazım deyil, təbliğ etmək lazımdır ki, bunu idarə edənlər bilsin. Nəzarət mexanizminə də ehtiyac var”.

 

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli İqtisadiyyat.az-a mövzu ilə bağlı deyib ki, hər bir nəqliyyat vasitəsi təyinatı üzrə istifadə edilməlidir:

“Skuterlərin də, digər müasir nəqliyyat vasitələrinin istifadəsini də biz gərək düzgün şəkildə qiymətləndirək. Skuterlərlə yolun hərəkət istiqamətində təhlükəli manevrlər etmək, təhlükəli sürüş tərzi, parklarda insanların gəzdiyi ərazilərdə onların üzərinə sürmək - bu kimi məsələlərdə narazılıqlar yaranır.

Bizdə skuterlərin qadağası nəzərdə tutulmayıb. Sadəcə onu deyə bilərəm ki, yol hərəkəti haqqında qanun hərəkət iştirakçılarına eyni hüquq verir. Skuter də, velosiped də, digər nəqliyat vasitəsini idarə edən şəxslər də qanuna uyğun formada hərəkət etməlidirlər. Skuter sürərkən qaydaları pozan şəxslər üçün İnzibati Xətalar Məcəlləsininn 332. maddəsinə görə cəzalar nəzərdə tutulur”.

 

 

Araz Əsgərli həmçinin əlavə edib ki, bizdə bu nəqliyyat vasitəsindən hələki daha çox əyləncə və istirahət yerlərində istifadə edilir. Nəqliyyat üçün istifadə edənlərin sayı azdır. Hər iki halda skuterlərdən elə istifadə edilməlidir ki, digərləri bundan narahat olmasınlar.

Qeyd edək ki, ötən həftə Fransanın paytaxtı Parisdə skuterlərə qadağa qoyulub. Qərara səbəb kimi, yaralanma və qəza hallarının artması göstərilib. Türkiyənin İstanbul şəhərində isə skuterlərlə bağlı məhdudiyyətlər gətirilib.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az