İqtisadiyyat.az-ın məlumatına görə, Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, cari ildə dövlət büdcəsi gəlirlərinin 49 faizinin Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) edilən transfertlər hesabına formalaşacağı proqnozlaşdırılır. İcraçı direktor bildirib ki, ARDNF-in 2019-cu il üzrə büdcə layihəsi hazırlanarkən neftin bir barrelinin satış qiyməti dövlət büdcəsində olduğu kimi 60 dollara bərabər götürülüb. Proqnozlaşdırılan qiymət səviyyəsinə uyğun olaraq, cari ildə Neft Fondunun büdcə gəlirləri 15,5 milyard manat səviyyəsində nəzərdə tutulub. Fondun 2019-cu il üzrə proqnozlaşdırılan xərcləri 11,6 milyard manat təşkil edir ki, bunun 11,4 milyard manatını (98 faiz) dövlət büdcəsinə transfert, 200 milyon manatını (1,7 faiz) məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlər, 30,9 milyon manatını (0,3 faiz) isə ARDNF-in idarə edilməsi ilə bağlı xərclər təşkil edir: “Dövlət büdcəsinin 2019-cu ildə ümumi gəlirlərinin 23,2 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır ki, onun tərkibində neft sektorundan daxilolmaların 13,7 milyard manat təşkil edəcəyi gözlənilir. Beləliklə, dövlət büdcəsi gəlirlərinin 49 faizinin Neft Fondundan edilən transfertlər hesabına formalaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, ARDNF-in transfertlərinin dövlət büdcəsinin neft gəlirlərində payının təqribən 83 faiz təşkil edəcəyi gözlənilir”.